Azərbaycan Respublikasında 9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin Nizami rayonu üzrə seçki qərargahı imzatoplama kampaniyasını uğurla başa çatdırıb.
Trend-in məlumatına görə, avqustun 13-də seçki qərargahının 20-dək imzatoplayan fəalı Nizami rayonu 24 saylı I və 25 saylı II və 18 saylı Nərimanov-Nizami Seçki Dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb.
İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir sakinlə fərdi qaydada görüşüb, şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edib, vətəndaş isə imzasını atıb, günün tarixini qeyd edib.
İlham Heydər oğlu Əliyevin Nizami rayonu üzrə seçki qərargahının imza toplayan fəallarını xoş qarşılayan sakinlər, bu kampaniyada mütəşəkkil qaydada iştirak edib.
Qeyd edək ki, İlham Heydər oğlu Əliyevin Nizami rayonu üzrə seçki qərargahı tələb olunan sayda imzaları toplayıb.