Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İndoneziya Respublikasının Terrorizmə qarşı mübarizə Agentliyinin rəhbərinin müavini Hari Purvantonu qəbul edib.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İndoneziya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.
Nazir Elmar Məmmədyarov Azərbaycanın terrorla mübarizə sahəsində əldə etdiyi uğurlardan söz açıb və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığın uğurla davam etdirildiyini vurğulayıb.
“Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi” mövzusunda Bakıda keçirilən Beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizə səfər edən Hari Purvanton ölkəmizdə gedən dinamik inkişafdan təsirləndiyini bildirib, eyni zamanda, terrorizmə qarşı mübarizə sahəsində Azərbaycanın əldə etdiyi təcrübənin öyrənilməsində, eləcə də bu sahədə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.