Nazirlər Kabineti məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib

Nazirlər Kabineti məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar veribNazirlər Kabineti büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında qərar verib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasizadə tərəfindən imzalanan qərara əsasən, “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarının 2-ci hissəsinin müddəti 2017-ci il yanvarın 1-dək uzadılıb.

Qərara əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, digər aidiyyəti dövlət orqanlarına və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarına tapşırılıb ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərə müvəqqəti məskunlaşdıqları ərazilər üzrə orta aylıq əməkhaqqının verilməsini elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişini və onun qeydiyyata alınmasını təsdiq edən məlumatı əldə etdikdən sonra həyata keçirsinlər.

Yuxarıda qeyd olunan qurumlara həmçinin tapşırılıb ki, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə adlı siyahısını 2016-cı il aprelin 1-dək Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etsinlər, tabeliyində olan qurumlarda boş (vakant) iş yerlərinə məcburi köçkünlərin işə qəbulu ilə bağlı müvafiq tədbirlərin görülməsini daha da gücləndirsinlər və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə tapşırılıb ki, aidiyyəti dövlət orqanlarının və əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş, yaşadıqları rayonların ərazisi işğal olunduqdan sonra işləməyən və pensiya yaşına çatmayan məcburi köçkünlərin fərdi identifikasiya nömrələri qeyd edilməklə təqdim etdikləri adlı siyahını 10 gün müddətində icmallaşdıraraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

Qərara əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, 10 (on) gün müddətində Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təqdim etdiyi siyahı əsasında müvafiq məlumatları “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi alt sistemi”ndə olan məlumatlarla üzləşdirsin və bu barədə müvafiq məlumatları Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; məşğulluq xidməti orqanlarına müraciət etmiş məcburi köçkünlərin məşğulluğu ilə bağlı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.

Qərara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində işğal altında olan rayonların büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarına aid edilməyən digər işəgötürənlərlə istər əsas, istərsə də əlavə iş yeri üzrə əmək müqaviləsi bildirişi qeydiyyata alınan məcburi köçkünlərə dondurulmuş iş yeri üzrə orta aylıq əməkhaqqının verilməsi dayandırılır.

Bu qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO