Musa Qasımlı: Son 10 ildə Azərbaycan bir sıra ölkələrin bəlkə də 100 ildə keçdiyi inkişaf yolunu keçib

Həqiqətən də son 10 ildə Azərbaycan dövlətinin beynəlxalq mövqeləri güclənib, nüfuzu artıb, sosial-iqtisadi, mədəni və digər sahələrdə Azərbaycan dövləti böyük uğurlar əldə edib. Bu barədə Trend-ə millət vəkili, professor Musa Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin “The Business Year” nəşrinə müsahibəsinə münasibət bildirərkən deyib.

Prezident İlham Əliyevin müsahibəsində söylədiyi fikirlərin tamamilə gerçəkliyi əks etdirdiyini qeyd edən millət vəkili bildirib ki, son 10 ildə Azərbaycan bir sıra ölkələrin bəlkə də 100 ildə keçdiyi inkişaf yolunu keçib.

M.Qasımlının sözlərinə görə, bu inkişaf yolu ondan ibarətdir ki, güclü bir Azərbaycan dövləti yaranıb, ölkəni qorumağa qadir olan güclü, müasir ordu yaradılıb, Azərbaycan öz ərazisində hərbi baza saxlamayan ölkəyə çevrilib, 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və üzv olduğu 2 il müddətində beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa öz töhfəsini verib: “BMT Təhlükəsizlik Şurasına sədrliyi müddətində Azərbaycan dünyanın qlobal problemlərini qaldırıb və həlli yollarını göstərib. Azərbaycan tarixində ilk dəfə olaq cənab Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına sədrlik edib, Azərbaycanın xəritədə axtarılmasına son qoyulub və Azərbaycan rəqabətə davamlı 40 ölkə sırasına daxil olub”.

Millət vəkili əlavə edib ki, bir zamanlar əgər Azərbaycan xarici ölkələrə gedib nəyisə istəyirdisə, bu gün dünyanın böyük dövlətlərinin rəhbərləri Azərbaycana səfər edirlər: “Artıq Azərbaycan beynəlxalq toplantıların keçirildiyi bir mərkəzə çevrilib. Əgər vaxtilə Azərbaycan xarici ölkələrdən kredit istəyirdisə, bu gün Azərbaycan borc verən ölkədir, yəni Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycan rəqabətə davamlı müasir bir ölkəyə çevrilib”.

M.Qasımlı vurğulayıb ki, Azərbaycanın müasir bir ölkəyə çevrilməsi heç şübhəsiz Prezident İlham Əliyevin bilavasitə adı ilə bağlıdır.

O, qeyd edib ki, son 10 ildə Azərbaycan dünyanın nəqliyyat və kommunikasiya mərkəzlərindən birinə çevrilib.

Millət vəkili deyib ki, neft-qaz ixrac etməklə yanaşı, Azərbaycan tranzit bir ölkəyə çevrilib və ölkənin beynəlxalq əhəmiyyəti artıb: “Bundan fərqli olaraq, Azərbaycanın ərazilərini işğal edən Ermənistanda isə sosial-iqtisadi vəziyyət gündən-günə ağırlaşır. Ermənistan yalnız formal olaraq müstəqil bir dövlətdir. Əslində isə həm daxili, həm də xarici siyasətini Rusiya idarə edir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO