Mübariz Əhmədoğlu: Serj Sarkisyan ən ermənipərəst variantın müəllifi olan ən ermənipərəst dövlət ABŞ-ı rədd etməklə dinc tənzimləməni tam inkar etdi

ABŞ dövlət katibi Con Kerrinin prezidentlərin görüşünə təşəbbüs göstərməsi bir neçə aspektdən diqqəti özünə cəlb edirdi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, birincisi, Kerri təxminən il yarım bundan qabaq regiona gəlmək niyyətində idi: “Ötən ilin mayında Vaşinqtonda Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini yanına dəvət etdi və hər ikisindən öz ölkələrinə səfər üçün dəvət aldı. C.Kerri o zaman Azərbaycanın silahlanmaya ayırdığı pulu region xalqlarının, o cümlədən erməni xalqının rifahına xərclənməsi təklifini irəli sürmüşdü. Azərbaycan bu təklifi qəbul etdi. Qapı-qapı dilənən Ermənistan ona təklif olunan puldan və qorxduğu silahın alınmaması variantından imtina etdi. İkincisi, ABŞ Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində atılacaq addımların ermənilərin xeyrinə yerinin dəyişdirilməsinə səy göstərir. 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində üç həmsədr ölkə prezidentinin imzaladığı Madrid Prinsiplərinin yenilənmiş variantında (Yenilənmiş Madrid Prinsipləri) altı maddəlik həll planı göstərilir”.

Politoloq qeyd edib ki, bu altı maddədən birincisi Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasıdır: “2014-cü il mayın 9-da ABŞ Dövlət Departamenti “amerikan variantı”nı ortalığa qoydu. “Amerikan variantı”nda birinci addım Dağlıq Qarabağın statusunun müəyyən olunması prinsiplərinin razılaşdırılması idi. Bu halda Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək subyekt kimi Dağlıq Qarabağ erməniləri nəzərdə tutulmuşdu. Həmsədr ölkə prezidentlərinin imzaladığı 2009-cu il sənədində isə statusun müəyyən olunması dördüncü addım idi və bu zaman nəzərdə tutulurdu ki, Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar da Dağlıq Qarabağa qayıdacaq və Dağlıq Qarabağın erməniləri ilə birlikdə Dağlıq Qarabağın statusunun müəyyən edəcəklər”.

M.Əhmədoğlunun sözlərinə görə, “Amerikan variantı”nda Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması ikinci addım idi: “Üçüncüsü, ABŞ Dövlət Departamenti Vladimir Putinin Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü təşəbbüsünü boykot etmək və aşağılamaq kursu götürdü. ABŞ Dövlət Departamentinin iki məsul əməkdaşı-ABŞ-ın Ermənistandakı səfiri Con Heffern və ABŞ-ın ATƏT MQ-dəki həmsədri Ceymus Uorlik bu funksiyanı icra etdilər. Uorlik hətta V.Putinin təşəbbüsü ilə baş tutan görüşü “bağ evinə şəxsi dəvət” adlandırdı”.

Politoloqun sözlərinə görə, bütün bunlar ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə daha çox can atdığının və hazır olduğunun əlaməti kimi də başa düşülə bilərdi: “Lakin Uelsdə keçirilən görüş ümumi nəticəsinə görə əvvəlki görüşlərdən demək olar ki, fərqlənmədi-standart terminlər, şablon ifadələr ABŞ Dövlət Departamentinin görüş barədə yaydığı məlumatda yenidən öz əksini tapdı”.

M.Əhmədoğlu hesab edir ki, ABŞ-ın Rusiya prezidenti V.Putinin Soçi görüşünü “bombalamasının” səbəbi aydın olur: “ABŞ V.Putinin Dağlıq Qarabağ münaqişəsini tənzimləməsindən qorxuya düşüb. ABŞ-a indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi lazım deyil. Lazım olsaydı, ABŞ indikindən fərqli, daha konkret mövqe tutar, ABŞ ATƏT sədri İsveçrə xarici işlər naziri Didye Brukhalterin mövqeyini dəstəkləyərdi. D.Brukhalter “strukturlaşdırılmış danışıqlar” ideyasının müəllifidir. O ideyanın rəsmən açıqlanması yoxdur. Amma danışıqların mövzusunu tərkib hissələrinə parçalayıb, təfərrüatlı müzakirə aparıb, razılığa gəlmək elə strukturlaşdırılmış danışıqlar deməkdir”.

Politoloqun fikrincə, C.Kerri istəsəydi, danışıqlar predmetindən birini, tutaq ki, Ermənistan ordusunun Azərbaycan torpaqlarında mövcudluğu məsələsini müzakirə edib, sonda vahid qərarın əldə olunmasına nail ola bilərdi: “Əksinə, C.Kerri Ermənistanın arzuladığı etimad tədbirlərini bir daha dəstəklədi. Status-kvo dəyişməsi işğalçı erməni ordusunun Azərbaycan ərazilərindəki coğrafiyasının dəyişməsi deməkdir. Bu halda etimad tədbirləri yeni coğrafiyada müəyyənləşdirilməlidir. Kerri, o cümlədən etimad tədbirlərinin möhkəmləndirilməsinin erməni variantını dəstəkləyən ATƏT MQ dolayısı yolla işğalçı erməni qoşunlarının Azərbaycan ərazisində qalmasını möhkəmləndirir və dəstəkləyir. Bu isə Ermənistana birbaşa dəstək deməkdir. Belə dəstəyi alan Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə razılıq verməməlidir”.

M.Əhmədoğlu deyib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin alovlanıb Şimali Qafqaza keçməsində maraqlıdır: “Çünki Suriya məsələsində Rusiyaya uduzan ABŞ indi hələlik Ukrayna məsələsində də Rusiyaya qalib gələ bilmir. Əlavə cəbhələr açmalıdır. Rusiya üçün ən təhlükəli əlavə cəbhə Şimali Qafqazdır. Şimali Qafqazda müharibəyə gedən yol Dağlıq Qarabağ müharibəsindən keçir. Ona görə də ABŞ Dağlıq Qarabağ münaqişəsi regionunda ermənilərin hərbi aktivliyinə rəvac verdi. Ermənilər hərbi aktivliyi Şimali Qafqaza keçirə bilsəydilər, ABŞ Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqdı. Bunu vəd etmişdi. Amma müzəffər Azərbaycan ordusu öz maraqları prizmasından ermənilərin hücumlarının qarşısını aldı və onların planını pozdu”.

M.Əhmədoğlu vurğulayıb ki, ABŞ Dövlət Katibi C.Kerrinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında keçirilmiş görüşün çox mühüm nəticəsi vardır: “Həmsədrlər içərisində ən çox ermənipərəstlik edəni məhz ABŞ-dır. C.Kerri hətta öz prezidentinin imzaladığı sənədinin prinsipial mahiyyətini ermənilərin xeyrinə dəyişib. ABŞ Ermənistanı çıxmaq şərtilə Dağlıq Qarabağa dövlət olaraq yardım ayıran yeganə dövlətdir. Beləliklə, ABŞ ATƏT MQ adından ortalığa ən ermənipərəst variant qoyan ən ermənipərəst dövlətdir. Ermənistan hətta bu formatda da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə razılıq vermədi. Soçi görüşü zamanı S.Sarkisyan V.Putinin Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində xüsusi roluna dair təklifini rədd etdi və münaqişənin Minsk qrupu çərçivəsində tənzimlənməli olduğunu bildirdi. Uelsdə isə ən ermənipərəst həmsədr dövlətin ən ermənipərəst variantına da “yox” dedi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə imkan verməyəcək. ATƏT MQ Dağlıq Qarabağ tənzimlənməsini yubadan alət kimi Ermənistana lazımdır. Ermənistanın Dağlıq Qarabağ tənzimlənməsinə münasibəti faciəvidir. ABŞ Dövlət Departamentinin prezidentlərin görüşünün nəticələri ilə bağlı yaydığı məlumatda Azərbaycan və Ermənistana istinadən iki ölkə, iki dövlət və iki xalqdan danışılır; üçüncü ölkə, dövlət və xalq yoxdur. Bu ortalığa ən ermənipərəst variant qoyan ən ermənipərəst dövlətin mövqeyidir.Ermənistan, o cümlədən dünya erməniliyi getdikcə zəifləyir.Ermənistan və dünya erməniliyi güclü olduğu vaxtdaDağlıq Qarabağın müstəqilliyinə nail olmayıbsa, indiki zəif və getdikcə zəifləyən dövründə heç nail ola bilməyəcəkdir”.

Politoloq əlavə edib ki, Azərbaycan və dünya azərbaycanlıları getdikcə güclənir: “Vaxtilə çox zəif olan Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə imkan verməyibsə, güclü və getdikcə güclənən Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə heç icazə verməyəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO