Moskvada tanınmış Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” kitabının təqdimatı olub


Moskvadakı “Qoqol Evi” Muzeyində tanınmış Azərbaycan yazıçısı Yunus Oğuzun “Əmir Teymur dünyanın hakimi” kitabının təqdimatı olunub. Bu barədə AzərTAc dövlət agentliyi xəbər yayıb.
“Əmir Teymur dünyanın hakimi” romanı yazıçının “Teymur” silsilə romanlarından rus dilinə tərcümə olunmuş ikinci kitabıdır. Əsəri rus dilinə Əli Səidov tərcümə etmişdir.
Rusiyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı ziyalıların, habelə ictimai təşkilatların rəhbərlərinin və Rusiya ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində çıxış edən Yunus Oğuz Əmir Teymurun təkcə türk dünyasında deyil, Avropada və Rusİyada da böyük maraq doğuran tarixi şəxsiyyət olduğunu bildirmişdir. O, demişdir ki, Əmir Teymur haqqında ətraflı müzakirələr bu gün də davam edir və təqdim olunan kitabda sərkərdənin tarixi şəxsiyyəti yeni rakursdan rus oxucularına təqdim edilmişdir. Əsər geniş oxucu kütləsi, o cümlədən hərbi tarix və orta əsrlər tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Türkoloq alim və tarixi romanlar müəllifi Yunus Oğuzun indiyədək “Atilla” pyesi, “Nadir şah”, “Təhmasib şah” və “Qədim türklər və “Pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında”, “Türkün tarixinə yeni baxış”, “Qədim Anadolu və Azərbaycan türkləri” və digər kitabları nəşr edilmişdir. 2010-cu ildə “Nadir şah”, “Təhmasib şah”, “Atilla” və “Qədim türklər və “Pasionarlıq nəzəriyyəsi L.N.Qumilyovun tədqiqatlarında” kitabları Türkiyədə böyük tirajla çap olunmuşdur.
Müəllifin “Nadir şah” romanı isə 2010-cu ildə Londonda ingilis dilində oxuculara çatdırılmışdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO