Monitorinq imtahanının nəticələri şagirdlərin özlərinə açıqlanmayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orta məktəb şagirdləri üçün bu gündən keçirməyə başladığı monitorinq imtahanının nəticələri digər imtahanlardan fərqli olaraq, həmin imtahanı vermiş şagirdlərin özlərinə açıqlanmayacaq. Bunu çərşənbə axşamı Trend-ə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Onun sözlərinə görə, monitorinq imtahanları şagirdlərin illik qiymətlərinə təsir göstərməyəcək. Buna görə də imtahanın nəticələri yalnız orta məktəblərdə tədris prosesinin vəziyyətinin öyrənilməsi məqsədilə təhlillərin aparılması üçün istifadə ediləcək. Təhlillər bütün monitorinq imtahanları bitdikdən sonra aparılacaq.
Qeyd edək ki, TQDK aprelin 23, 24 və 25-də Bakıda, Abşeron rayonunda və Sumqayıtda ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirəcək. V sinif şagirdləri üçün imtahan Ana dili və riyaziyyat fənni üzrə keçiriləcək. Ana dili imtahanında şagirdlərin bacarığı həm açıq tipli test tapşırıqları ilə, həm də yazı işi ilə yoxlanacaq. XI sinif şagirdləri isə Azərbaycan dilindən, riyaziyyat və fizika fənlərindən imtahan verəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO