Əmlak Məsələləri Dövlət Komitəsi yeni sistem tətbiq edəcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakından, o cümlədən dövlət torpaqlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə nəzarətin daha da gücləndirilməsi istiqamətində kompleks tədbirlər görülür. Komitədən Trend-ə verilən məlumatda qeyd olunur ki, bu məqsədlə komitədə xüsusi komissiya yaradılıb. Komissiya daşınmaz dövlət əmlakından və dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin səmərəliliyini araşdırmalı, dövlət əmlakından qeyri-qanuni istifadə hallarını aşkara çıxarılmalıdır.
Bildirilir ki, komissiyanın apardığı monitorinqin nəticələri üzrə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin və torpaqların istifadəsi vəziyyəti haqqında analitik məlumatlar hazırlanacaq. Belə ki, dövlət əmlakından istifadə vəziyyəti konkret hallar üzrə araşdırılacaq ki, bu da vəziyyəti daha dəqiq öyrənməyə, çatışmazlıqları aşkar etməyə və daha təsirli tədbirlər görməyə imkan verməlidir.
Qeyd edək ki, komitə il ərzində 6500-ə yaxın hesabat qəbul edir. Onların alınıb yoxlanması, təhlili və s. böyük iş tələb edir. Yeni proqram qurulandan sonra bu iş avtomatlaşdırılacaq, böyük həcmdə yazışmaların qarşısı alınacaq. İstənilən dövlət qurumu və ya müəssisəsində dövlət əmlakının hərəkətini izləmək mümkün olacaq. Bu da dövlət əmlakının istifadəsində nəzarəti və bu sahədə səmərəliliyi artırmağa imkan verəcək.
Hazırda bu sistemin tətbiqi üzrə işlərə başlanılıb. Sistemin iş reqlamenti, texniki iqtisadi əsaslandırılması, dövlət müəssisələri ilə bağlanacaq müqavilənin forması, eləcə də bu işin təşkili üçün maliyyə vəsaiti barədə məlumat, alınması zəruri olan avadanlıqların siyahısı hazırlanaraq təqdim olunub, indi texniki məsələlər həll olunur. Növbəti hesabat müddətinə bu sistemin işə hazır olacağı gözlənilir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO