Macar deputat Ermənistanı işğalçılıqda ittiham etdi

Macar deputat Ermənistanı işğalçılıqda ittiham etdiAvropa Şurası Parlament Assambleyası (AŞ PA) qış sessiyasında Macarıstanı təmsil edən deputat Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

Trend-in məlumatına görə, AŞ PA-nın qış sessiyası çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı AŞPA-nın Bosniya və Herseqovinyadan olan deputatı Militsa Markoviçin “Azərbaycanın sərhəd rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” və Böyük Britaniyadan olan deputat Robert Volterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın şiddətlənməsi” hesabatlarının müzakirəsi zamanı AŞPA-da Macarıstanı təmsil edən – Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyasının sədr müavini Marton Döndöşi Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyanatla çıxış edib.

M.Döndöşi erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətraf rayonlarda həyata keçirilən işğalçılıq siyasətindən, dinc əhaliyə qarşı vəhşiliklərdən danışaraq, münaqişə nəticəsində Azərbaycanın böyük ərazi itkisinə məruz qaldığını və humanitar fəlakətlə üzləşdiyini bildirib. Ölkəmizin 30 minə yaxın vətəndaşını itirdiyini, 100 min insanın yaralandığını və 1 milyona yaxın yerli sakinin qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu qeyd edib.

Macar millət vəkili çıxışı zamanı münaqişənin həlli üçün Minsk Qrupunun fəaliyyətini, BMT və AŞPA-nın qətnamələrini xatırladaraq Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində bütün qərarların kağız üzərində qaldığını, beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən münaqişədən hələ də ən çox əziyyət çəkənin Azərbaycan tərəfi olduğunu bildirib.

AŞPA-nın münaqişəyə müdaxiləsini məqsədəuyğun saymayan həmkarlarını qınadığını və onları başa düşməkdə çətinlik çəkdiyini deyən M.Döndöşi insan hüquqlarının kütləvi şəkildə pozulması, qanlı münaqişələr və humanitar fəlakətlərlə bağlı AŞPA-nın mövqe nümayiş etdirməsinin təşkilatın əsas hədəfi olduğunu bildirib və sadaladığı halların hər birinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində müşahidə edildiyini diqqətə çatdırıb.

Daha sonra M.Döndöşi BMT Təhlükəszilik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini, AŞPA-nın 1416 və 1614 saylı qətnamələrini, həmçinin 2010-cu ildə NATO və Avropa Parlamenti tərəfindən qəbul edilmiş sənədləri xatırladan macar deputat bütün bu sənədlərdə Azərbaycan torpaqlarının işğalı faktının öz təsdiqini tapdığını qeyd edib. Çıxışının sonunda millət vəkili belə qətnamələrin qəbulu ilə bir sırada onların icra mexanizminin işlənib hazırlanmasının zəruriliyini vurğulamış və bu məqsədlə sanksiyaların tətbiqi məsələsinin də nəzərdən keçirilməsini təklif edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO