Azərbaycan Prezidenti İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 595-IVQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Prezident Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 595-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıb ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 595-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasına dair təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barəsində beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 5 aprel tarixli 595-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə görə, sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:
– Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla); qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz.
Bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2-4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.
Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir”.
Qeyd edək ki, bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış tələb edilməyəcək. Qanuna edilən əlavə və dəyişikliklər nəticəsində yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər.
Qanuna edilən dəyişikliyə görə, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsini dəyişdirmək tələbi də qoyulub.