İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Ölkələrimiz arasında güclü siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Münasibətlərimizin daha da möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə dəstək vermələrinin önəmini qeyd etdi. Azərbaycan xalqının rumın xalqına böyük hörmətlə yanaşdığını deyən dövlət başçısı müxtəlif məsələlərlə bağlı Rumıniyanın ölkəmizə göstərdiyi dəstəyə görə təşəkkür etdi. Prezident İlham Əliyev Rumıniya Deputatlar Palatasının sədri Valeriu Zqoneanın Azərbaycana səfərinin uğurlu olacağına əminliyini bildirdi.
Rumıniya Deputatlar palatasının sədri Valeriu Zqonea ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalandıqdan sonra dostluq əlaqələrimizin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Azərbaycan ilə Rumıniya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişafının razılıq doğurduğunu deyən qonaq bu əlaqələrin genişləndirilməsində parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Rumıniya arasında enerji sahəsində əməkdaşlıq, investisiya qoyuluşu, Avropa strukturları və eləcə də beynəlxalq regional təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO