İlham Əliyev: “Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk

İlham Əliyev: “Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Ukrayna prezidenti Viktor Yanukoviçin şərəfinə verilən rəsmi ziyafət zamanı çıxışında deyib.Prezident əmin olduğunu bildirib ki, həmin layihələr qarşılıqlı faydalı olacaq.
“Biz nəqliyyat sahəsində əməkdaşlığa böyük ümid bəsləyirik, müvafiq olaraq Xəzər dənizi və Qara dəniz regionlarında həyata keçirdiyimiz nəqliyyat, infrastruktur layihələri ölkələrimizi təkcə etibarlı nəqliyyat yolları ilə birləşdirməyəcək, həm də Xəzər-Qara dəniz hövzəsində, gələcəkdə isə Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regional əməkdaşlığı üçün yaxşı zəmin yaradacaqdır”, – o deyib.

Onun sözlərinə görə, bunun üçün bütün əsaslar, yetərincə siyasi iradə var. Energetika, nəqliyyat sahələrində, digər sahələrdə bu təşəbbüslər ölkələrimizi yaxınlaşdırır. “Biz neft sahəsində əməkdaşlıqdan qaz sahəsində əməkdaşlığa keçməyi planlaşdırırıq. Cari ilin əvvəlində müvafiq sənəd imzalanmışdır, o, ikitərəfli əməkdaşlığın əvvəlki illər heç vaxt olmayan prinsipcə yeni elementidir. Bu gün Azərbaycanın öz qaz potensialını genişləndirdiyi və iri qaz istehsalçısı və ixracçısına çevrildiyi vaxtda bu sahədə əməkdaşlıq ölkələrimiz arasında xüsusi əhəmiyyət, mahiyyət kəsb edir. Burada qarşılıqlı səylər və siyasi iradə bu prosesləri irəli aparır, əlbəttə, həlledici rol oynayır”, İlham Əliyev deyib.

Prezident bildirib ki, Ukrayna prezidentinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin vəziyyəti barədə məlumat verib. “Bildiyiniz kimi, bu münaqişə onilliklərlə davam edir və Azərbaycan xalqına böyük ağrı-acılar, iztirablar gətirib. Bir milyon azərbaycanlı doğma yurd-yuvasından qovulub. Xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, ərazimizin 20 faizi işğal olunub və BMT kimi beynəlxalq təşkilatların qərar və qətnamələrinə baxmayaraq, – BMT Təhlükəsizlik Şurası işğalla əlaqədar 4 qətnamə qəbul edib, – münaqişə indiyədək nizama salınmayıb. Bu isə regional sülhə, sabitliyə böyük təhlükə törədir, regional əməkdaşlıq proqramlarını tam miqyasda həyata keçirməyə imkan vermir. Bu münaqişənin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan sürətlə inkişaf edir, iqtisadiyyat artır, iri sərmayə layihələri həyata keçirilir ”, prezident deyib.

O qeyd edib ki, təkcə ötən il ölkəmizin iqtisadiyyatına 15,5 milyard dollar sərmayə qoyulub. Bunun da əksər hissəsi daxili sərmayədir. “Biz Ukraynada sərmayə layihələri məsələlərini fəal nəzərdən keçiririk və bunun üçün maliyyə ehtiyatları, ən başlıcası isə siyasi iradə var”, İlham Əliyev deyib.

Prezident Azərbaycanda yaşayan ukraynalıların, Ukraynada yaşayan azərbaycanlıların iki ölkə arasında münasibətlərin möhkəmlənməsi işində rolunu qeyd edib. “Diasporlarımız ölkələrimizi, xalqlarımızı birləşdirən təbii körpüdür. Mənə çox xoşdur ki, həm Azərbaycanda yaşayan ukraynalılar, həm də Ukraynada yaşayan azərbaycanlılar özlərini rahat, inamlı, öz evlərindəki kimi hiss edir, öz dövlətlərində bir ailə kimi yaşayır, eyni zamanda, Ukrayna ilə Azərbaycan arasında münasibətlərin, indi olduğu kimi, fəal inkişaf etməsinə çalışırlar ”, prezident deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO