Leyla Əliyeva Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib və bir sıra ikitərəfli görüşlər keçirib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 14-də Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) Sidney şəhərində keçirilən Ümumdünya Parklar Konqresinin plenar sessiyasında çıxış edib.

Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, Leyla Əliyeva Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə Konqres iştirakçılarına məlumat verib. Həmçinin təbiətin və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb və 2011-ci ildə təsis edilən IDEA İctimai Birliyinin Azərbaycanda, eləcə də regionda nəsli kəsilməkdə olan vəhşi heyvanların mühafizəsi ilə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verilib.

Bildirilib ki, Qafqazın yox olmaq təhlükəsi altında olan 5 əsas heyvanı müəyyənləşdirilib və onların mühafizəsi ilə bağlı tədbirlər planı hazırlanıb. Bu xüsusda, IDEA İctimai Birliyinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” layihəsi çərçivəsində yüzdən artıq ceyran Azərbaycandakı tarixi yerlərində məskunlaşdırılıb.

Bununla yanaşı, IDEA İctimai Birliyinin təşəbbüsü ilə 2014-ci il mayın 7-də ilk dəfə olaraq Qafqazın biomüxtəlifliyi üzrə Beynəlxalq Sammit keçirilib və tədbir çərçivəsində regionda bəbirlərin mühafizəsi məsələsi geniş müzakirə edilib.

Leyla Əliyeva çıxışında, həmçinin IDEA İctimai Birliyinin digər fəaliyyət istiqamətləri, o cümlədən IDEA-nın təşəbbüsü ilə respublikada 3 milyondan çox ağacın əkilməsi, ağacların kəsilməsinin qarşısının alınması tədbirləri, sahibsiz heyvanlar üçün sığınacağın təşkili, ekoloji tədbirlər və müsabiqələrin keçirilməsi, sənaye və məişət tullantılarının azaldılması layihələri barədə məlumat verilib.

Çıxışdan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmiz barədə və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.

Sessiyada çıxış edənlər sırasında Cənubi Afrika Respublikasının keçmiş prezidenti və Nobel Sülh Mükafatı laureatı Nelson Mandellanın nəticəsi Luvuyo Mandela təcrübə mübadiləsi aparılmasının və mühafizə olunan ərazilərin, o cümlədən qoruqların genişləndirilməsinin əhəmiyyətindən danışıb.

Beynəlxalq Qoruqçular Federasiyasının Prezidenti Şon Vilmor çıxışında təbiətin mühafizəsində qoruqçuların xüsusi roluna və təhlükəli işinə diqqət yönəldərək, onlara bu fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva noyabrın 14-də Ümumdünya Parklar Konqresi çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçirib.

Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (İUCN) baş direktoru xanım Culiya Marton-Lefevre ilə görüş zamanı Leyla Əliyeva təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizdə və regionda təbiətin mühafizəsi, Qafqaz regionun zəngin flora və faunasının qorunması, təhlükə altında olan vəhşi təbiətin, o cümlədən nadir heyvanların mühafizəsi istiqamətində həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Leyla Əliyeva IDEA İctmai Birliyinin təsis edildiyi dövrdən etibarən IUCN-lə həyata keçirdiyi birgə layihələri və səmərəli əməkdaşlığı yüksək qiymətləndirərək bu tərəfdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Xanım Marton-Lefevre IDEA-nın fəaliyyətini nümunəvi xarakterizə edib və həyata keçirilən layihələrin əhəmiyyətli olduğunu bildirib. IUCN-nin baş direktoru, həmçinin IDEA tərəfindən təbiətin mühiafizəsi səylərinə mütəmadi dəstəyə görə Leyla Əliyevaya təşəkkürünü bildirib.

Daha sonra Leyla Əliyeva Məhəmməd Bin Zayed Mühafizə Fondunun baş direktoru, Abu Dabi Ətraf Mühit Agentliyinin baş katibinin müşaviri cənab Frederik Launay ilə görüş keçirib.

Leyla Əliyeva cənab Launaya əlverişli coğrafi mövqeyə malik Azərbaycanın zəngin təbiəti, eləcə də ölkədə yaradılan milli parklar və qoruqlar barədə, təsisçisi olduğu IDEA İctimai Birliyinin ölkəmizin, eləcə də Qafqaz regionunun təbiətinin mühafizəsi sahəsindəki fəaliyyəti barədə məlumat verib.

Cənab Frederik Launay Səudiyyə Ərəbistanı yarımadasında təbiətin və ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətlərdən danışaraq IDEA İctmai Birliyinin fəaliyyətinin Azərbaycan və ümumən region üçün əhəmiyyətli olduğunu qeyd edib.

Hər iki görüşün nəticəsi olaraq, tərəflər əməkdaşlığı davam etdirmək və təcrübə mübadiləsi aparmaq barədə razılıq əldə ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO