Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şamaxıda vətəndaşlarla görüşüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 20-də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirib.
Görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılıblar. DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləyib, təkliflər barəsində birgə fikir mübadiləsi aparılıb. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparıblar.
DQİDK-nın sədri Elşad İskəndərov jurnalistlərə açıqlamasında bildirib ki, vətəndaşları narahat edən bütün məsələlər tezliklə həll ediləcək. O, həmçinin Şirvan regionunda yaşayan din xadimlərinin, dini icmaların təşkilatçılığını yüksək qiymətləndirib.
Sonda vətəndaşlar tərəfindən edilən müraciətlərin həlli istiqamətində tapşırıq və tövsiyələr verilib.