Kanadanın Ontario əyalətinin London şəhərində Respublika günü ilə bağlı tədbir keçirilib

2014-cü il mayın 10-da Kanadanın Ontario əyalətinin London şəhərində səfirliyin dəstəyi ilə 28 May – Respublika günü münasibətilə Londonda fəaliyyət göstərən “Azəri-Türk Kanada Assosiasiyası” tərəfindən tədbir təşkil edilib.

Trend Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumat verir ki, Kanadanın elm və texnologiya üzrə Dövlət Naziri Ed Holder, Kanada Parlamenti və Ontario əyaləti parlamentinin üzvləri, eləcə də London şəhər şurasının təmsilçisi tədbirə qatılan qonaqlar arasında olublar.

Tədbirin açılışında çıxış edən “Azəri-Türk Kanada Assosiasiyası”nın sədri Kəmalə Şiriyeva rəhbərlik etdiyi təşkilat barədə qonaqlara məlumat verib və tədbirə qatılan yüksək səviyyəli qonaqlara təşəkkürünü ifadə edib. Assosiasiyanın gənclər bölməsinin sədri Səbinə Əzizli isə Azərbaycan Demokratik Respublikasının tarixi barədə təqdimatla çıxış edib.

Daha sonra tədbirə qatılan Kanadanın dövlət naziri və millət vəkilləri çıxış edərək, Azərbaycan icması və xalqını Respublika günü münasibətilə təbrik ediblər.

London şəhər şurasının üzvü isə London şəhərinin meri Co Fontananın (Joe Fontana) Londonun Azərbaycan icmasına təbrik məktubunu təqdim edib.

Daha sonra Azərbaycanın Kanadadakı səfirliyinin təmsilçisi çıxış edərək, may ayının 10-nun Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü olduğunu vurğulayıb, Azərbaycan Demokratik Respublikasının yaranmasının tarixi əhəmiyyətindən, müstəqilliyin bərpasından keçən dövr ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, ölkəmizin son on ildə əldə etdiyi nailiyyətlər, o cümlədən iqtisadi inkişaf, yoxsulluğun azaldılması, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, terrorizmə qarşı müharibədə iştirakı, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyi barədə danışmış, eləcə də Kanada-Azərbaycan əlaqələrinin hazırkı durumu və perspektivləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda qonaqlar üçün mədəni proqram təşkil edilib, Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO