Kəmaləddin Heydərov: Azərbaycan iqtisadiyyatı daha da güclənəcək, əhalinin rifahı yüksələcək

Kəmaləddin Heydərov: Azərbaycan iqtisadiyyatı daha da güclənəcək, əhalinin rifahı yüksələcəkAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ziyalılar, sahibkarlar, ağsaqqallar və gənclər iştirak edib.

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək, son illərdə şəhərdə bütün sahələrdə, o cümlədən turizm sektorunda gedən inkişafdan, aparılan quruculuq işlərindən danışıb, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizin bölgələrində keçirilən belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Görüşdə çıxış edən fövqəladə hallar naziri K.Heydərov dünyada baş verən iqtisadi proseslərə toxunub. Qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib. Lakin dövlətimizin başçısının göstərdiyi səylər, verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qəbul olunan qanunlar və qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcəkdir.

Son illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafdan, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlərdən, sahibkarlığa göstərilən dövlət qayğısından danışan nazir bildirib ki, Naftalan şəhərinin böyük turizm imkanı var. Şəhərdə turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu işlər davam etdirilməlidir.

Bölgələrdə keçirilən görüşlərin əsas məqsədinin problemləri öyrənib həllinə nail olmaq olduğunu diqqətə çatdıran nazir ictimaiyyət nümayəndələrindən şəhərin daha da inkişafı üçün təkliflər verməyə, problemlərin həllinin müzakirəsində fəal olmağa çağırıb.

Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının sədri Hətəm Qocayev çıxışında Naftalanın müalicə-sanatoriya, turizm potensialından bəhs edib. Bildirib ki, 2015-ci ildə şəhərə 16 min turist gəlib. Hazırda həyata keçirilən layihələr nəticəsində 2016-cı ildə bu rəqəmin 20 mindən çox olacağı gözlənilir. H.Qocayev şəhər əhalisinin, həmçinin bura gələn turistlərin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması üçün müasir fermer təsərrüfatlarının və kurort ticarətini həyata keçirən müəssisələrin yaradılmasını təklif edib.

Görüşdə digər çıxış edənlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, şəhərdə yaşayış binasının, mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün mədəniyyət mərkəzinin tikilməsi, Naftalana məxsus suvenirlər hazırlayan sexin yaradılması, həmçinin turizmin inkişafı ilə bağlı təkliflər irəli sürüblər.

K.Heydərov müraciət və təkliflərin qeydə alındığını, onların həllinə kömək göstəriləcəyini bildirib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO