Joze Manuel Barrozu: Cənub Qaz Dəhlizi Aİ ilə Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək

Bu gün ADA Universitetində Azərbaycanda səfərdə olan Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu “Avropa İttifaqı-Azərbaycan: Yeni imkanlar və çağırışlar” mövzusunda mühazirə oxuyub.

Trend-in məlumatına görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və digər qonaqlar iştirak ediblər.

Görüşdə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, Azərbaycan hazırda Avropa İttifaqı ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. O, təhsil, elm, ticarət və enerji sahələrində uğurlu layihələrin olduğunu diqqətə çatdırıb.

H.Paşayev deyib ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini daim inkişaf etdirmək və yeni layihələr həyata keçirməkdə maraqlıdır.

J.M.Barrozu isə bildirib ki, Azərbaycanda böyük irəliləyişlər baş verir. O qeyd edib ki, səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığı daha da genişləndirməklə bağlı razılıq əldə olunub.

Avropa Komissiyasının prezidenti deyib ki, ADA Universiteti nümunəvi təhsil ocaqlarından biri kimi bu istiqamətdə böyük rol oynaya bilər.

Azərbaycanın reallaşdırdığı enerji layihələrindən danışan J.M.Barrozu Cənub Qaz Dəhlizinin reallaşdırılmasının birgə prioritetlərdən olduğunu qeyd edib: “Bu layihənin həyata keçirilməsi Avropa İttifaqının Azərbaycanın enerji resurslarına çıxışını təmin edəcək. Eyni zamanda, bu layihə Aİ ilə Azərbaycan arasında daha dərin iqtisadi əməkdaşlığa imkan verəcək, 30 min yeni iş yerinin açılmasına şərait yaradacaqdır”.

J.M.Barrozu həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm Azərbaycanın iqtisadi inkişafına, həm də Avropanın enerji təhlükəsizliyini təmininə töhfə olacaqdır.

Avropa Komissiyasının prezidenti bildirib ki, Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi istiqamətində işlər aparılib. O qeyd edib ki, bu sahədə irəliləyişlərin olması ünsiyyəti və əlaqələri daha da asanlaşdıracaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO