İslam Konfransı Gənclər Forumu Ermənistana təzyiqləri artırmağa çağırır

İslam Konfransı Gənclər Forumu Ermənistana təzyiqləri artırmağa çağırırBu gün İslam Əməkdaşlıq Təşklitatına (İƏT) üzv qurum olan İslam Konfransı Gənclər Forumu (İKGF) Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrlə bağlı İdarə Heyətinin növbədənkənar iclasını keçirib.

İKGF-dən Trend-ə verilən məlumata görə, iclasda İƏT-ə üzv ölkə olan Azərbaycanda baş verən hadisələr müzakirə olunub və İdarə Heyətinin bəyanatı qəbul edilib.

Bəyanatda deyilir: “İslam Əməkdaşlıq Təşklitatına üzv qurum olan İslam Konfransı Gənclər Forumu 2016-cı il aprel ayının 2 və 3 tarixlərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı birləşmələrinin Azərbaycana qarşı təxribat xarakterli təcavüzkar hərəkətlərini, Azərbaycanın yaşayış məntəqələri və hərbi mövqelərini atəşə tutmasını şiddətlə qınayır, bunu regionda sülhün pozulması və gərginliyin artmasına yönəlmiş akt kimi qiymətləndirir.
Eyni zamanda Azərbaycan Respublikasının öz ərazilərini və əhalisinin təhlükəsizliyini qorumağa yönəlmiş cavab aksiyalarını təqdirəlayiq hesab edir, əvvəllər erməni qüvvələri tərəfindən işğal olunmuş və Azərbaycan mövqelərinə qarşı plasdarm kimi istifadə olunan strateji məntəqələri azad etməsi istiqamətindəki addımlarını alqışlayır, Azərbaycan Prezidentinin ölkənin ərazi bütövlüyünün qorunması istiqamətində göstərdiyi fəaliyyət və mövqeyini tam dəstəkləyir, öz işğal olunmuş ərazilərini azad etmək uğrunda atacağı addımları Azərbaycanın təbii haqqı hesab edir.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməyə tərəfdar olduğu barədə dəfələrlə bəyan etdiyi mövqeyini nəzərə alaraq, beynəlxalq təşkilatları bu mövqeyi dəstəkləməyə, əvvəllər qəbul olunmuş beynəlxalq qətnamələrin yerinə yetirilməsi və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasına nail olmağa, prosesi uzadaraq hərbi müstəviyə keçirməyə can atan Ermənistana təzyiqləri artırmağa çağırır.

Gənclər Forumu bu günlərdə Azərbaycanla həmrəylik nümayiş etdirərək ona dəstək verən Pakistan, Türkiyə və s. kimi İƏT-ə üzv ölkələrə də mövqelərinə görə təşəkkür bildirir və bəyan edir ki, bu yaxınlarda işinə başlayacaq İslam Əməkdaşlıq Təşkilatı Sammiti çərçivəsindəki tədbirlərdə də bu məsələnin müzakirəyə çıxarılması və İƏT-ə üzv digər ölkə nümayəndələri tərəfindən də müvafiq mövqe nümayiş etdirməsi istiqamətində addımlar atacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO