İran Azərbaycanı Culfa-Qulubəyli-Aslandüz dəmir yolunun tikintisinə sərmayə yatırmağa çağırır

“Azərbaycanlı investorları Araz çayı boyu Culfa-Qulubəyli-Aslandüz dəmir yolunun tikintisinə sərmayə yatırmağa dəvət edirik”. Bunu Trend-ə eksklüziv açıqlamasında İranın Şərqi Azərbaycan əyaləti başçısının siyasi-təhlükəsizlik məsələləri üzrə müavini Səid Şəbestəri deyib.

S.Şəbestəri bildirib ki, Qulubəyli bölgəsində yeni körpü tikməyi planlaşdırırlar.

İranın Qulubəyli və Aslandüz bölgələri Azərbaycanın Füzuli rayonunun Qazaxlar və Horadiz qəsəbələri ilə həmsərhəddir.

S.Şəbestəri qeyd edib ki, tikiləcək yeni dəmiryol xətti həm Azərbaycanın Naxçıvan MR-ni İran ərazisi vasitəsi ilə Füzuli rayonunun dəmir yoluna birləşdirir, həm də İran üçün Qafqaz ölkələri və Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirmək üçün geniş potensial yaradır: “Culfa-Qulubəyli-Aslandüz dəmir yolu, həmçinin Şimal-Cənub dəhlizi çərçivəsində Qəzvin-Rəşt-Astara (İran)– Astara (Azərbaycan) dəmir yoluna alternativ ola bilər. Belə ki, bu dəmir yolu ilə həm məsafə, həm də xərclər azalar. Bu da hər iki ölkənin tacirləri üçün ixracat və idxalatı əlverişli edər”.

Onun sözlərinə görə, İranın mərkəz və cənub bölgəsindən Təbrizə və Təbrizdən Culfaya qədər dəmiryol xətti mövcuddur: “Culfadan Qulubəyliyə kimi məsafə 180 kilometrə yaxındır, oradan Aslandüzə isə 30-40 kilometrdir. Bu dəmir yolunun tikilməsi hər iki ölkənin xeyrinədir”.

Əyalət başçısının müavini bildirib ki, hazırda Culfa-Qulubəyli-Aslandüz dəmir yolunun tikintisi ilə bağllı Çin şirkətləri dəyərləndirmə işləri aparır: “Biz maraqlıyıq ki, digər ölkələr deyil, dinimiz və dilimiz bir olan azərbaycanlı qardaşlarımız və investorlar bu dəmir yolunun tikilməsinə dair tenderlərdə iştirak etsinlər və sərmayə yatırsınlar”.

Qeyd edək ki, 2010-cu ildə İranın Şərqi Azərbaycan əyalətinin o vaxtkı əyalət başçısı Əlirza Beygi demişdi ki, İran hökuməti Culfa ilə Biləsuvar arasında dəmiryol xətti çəkmək üçün plan hazırlayıb. İran Azərbaycanla sərhədə yaxın Araz Azad Ticarət Sənaye Zonası yaradıb. Culfa-Aslandüz dəmir yolunun tikilməsi həmin zonanın inkişaf proqramında yer alıb.

Azərbaycan və İran Aslandüz-Horadiz sərhəd-keçid məntəqəsinin açılmasına dair razılıq əldə edib. Bu sərhəd-keçid məntəqəsinin fəaliyyəti ilə Azərbaycandan Naxçıvan MR-ə məsafə 120 kilometrədək azalır. Hazırda Aslandüz-Horadiz məntəqəsindən sərnişinlərin gediş-gəlişi üçün oradakı bəndin üzərindən şərait var, lakin iki ölkə yükdaşımalar üçün şəraitin yaxşılaşdırılması məqsədilə bu keçid məntəqəsində yeni körpü tikməyi planlaşdırır.

Azərbaycan-İran sərhədində beynəlxalq marşrutlar üzrə 6 sərhəd-keçid məntəqəsi mövcuddur ki, onlardan hazırda 5-i (Culfa, Şahtaxtı, Astara, Biləsuvar və İmişli sərhəd-keçid məntəqələri) fəaliyyət göstərir, Horadiz gömrük postu isə uzun müddətdir fəaliyyətini dayandırıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO