İndoneziya Azərbaycanın seçki təcrübəsinə maraq göstərir

İndoneziya Azərbaycanın seçki təcrübəsinə maraq göstərirAzərbaycanda səfərdə olan İndoneziya parlamenti Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti fevralın 18-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb.

Komissiyadan Trend-ə verilən məlumata görə, qonaqları salamlayan MSK sədri görüşdən məmnunluğunu bildirərək, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlar və dünyanın müxtəlif qitələrindən olan böyük inkişaf yoluna malik ölkələrin ali seçki komissiyaları ilə əlaqələrindən söhbət açıb. M.Pənahov qeyd edib ki, Azərbaycan Respublikasında seçki praktikasının daha da təkmilləşdirilməsində və hazırkı inkişaf səviyyəsinə çatmasında beynəlxalq təcrübənin öyrənilməsinin xüsusi rolu var.

Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri F.Hamzah İndoneziyanın Azərbaycanla əlaqələrinin daha da genişləndirilməsinə çalışdıqlarını bildirib. O, həmçinin Mərkəzi Seçki Komissiyasının seçkilərin azad, ədalətli və şəffaf keçirilməsindəki yüksək təcrübəsindən və informasiya-kommunikasiya texnologiyalarının seçkilərdə tətbiqi sahəsində əldə etdiyi ciddi nailiyyətlərdən istifadə edərək, İndoneziyadakı seçkilərin də inkişafına nail olmaq istədiklərini deyib və iki ölkənin ali seçki qurumları arasında birbaşa əlaqələrin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Görüşdə M.Pənahov seçkilərin yüksək səviyyədə təşkil olunması, azad, ədalətli və şəffaf keçirilməsi üçün Azərbaycanda hər cür şəraitin və demokratik mühitin olduğunu vurğulayaraq, nümayəndə heyətinə Azərbaycanın seçki sistemi, MSK-nın strukturu, seçki komissiyalarının fəaliyyət prinsipləri və digər məsələlər barədə ətraflı məlumat verib və seçkilərin demokratik keçirilməsində həyata keçirilmiş genişmiqyaslı layihələri və atılan addımları diqqətə çatdırıb.

Görüşdə indoneziyalı parlamentarilərlə qarşılıqlı maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO