İlham Əliyev Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 4-də Salyanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Əməkdar Müəllim Yaqut Ələsgərova və Əməkdar Mədəniyyət İşçisi Yavər Cəbrayılov Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra Prezident İlham Əliyev Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Mərkəzin inşası 2011-ci ilin dekabrında başlanmış və bu ilin avqustunda başa çatdırılmışdır. İnşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilmişdir. Mərkəzin 10 otaqdan ibarət üçmərtəbəli binasının ümumi sahəsi 626 kvadratmetrdir.

Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Binanın birinci mərtəbəsində sərgi zalı, inzibati otaqlar yerləşir. Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ulu Öndərin və Prezident İlham Əliyevin Salyana səfərlərini əks etdirən fotoguşələr vardır. Foyedə, həmçinin dahi rəhbər Heydər Əliyevə həsr olunan videoçarx da nümayiş olunur.

Mərkəzin ikinci mərtəbəsində sahəsi 457 kvadratmetr olan sərgi zalındakı stendlərdə Ulu Öndərin uşaqlıq, Naxçıvanda təhsil aldığı dövrləri, Dövlət Təhlükəsizlik Komitəsində, eləcə də Moskvada çalışdığı illəri əks etdirən şəkilləri, həmçinin görkəmli dövlət xadiminə həsr olunmuş nəşrlər, Ümummilli Liderin diplomları və digər təltifnamələrinin surətləri nümayiş olunur.

Mərkəzin üçüncü mərtəbəsində isə rəqs studiyası, rəsm otağı, elektron kitabxana, xarici dil mərkəzi, şahmat dərnəyi, kompyuter və informatika kabineti, fotostudiya vardır.

Prezident İlham Əliyev Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO