İlham Əliyev: Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə diqqət mərkəzindədir

Xəzər neft-qaz sərgisi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 (Caspian Oil&Gas) sərgisinin açılışınbda çıxış edərkən bildirib.

Dövlət başçısı deyib: “Mən sizin hamınızı səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm, çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci, ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir, sərgiyə maraq azalmır, artır və bu gün 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edirlər, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır. İldən-ilə sərgidə iştirak edən şirkətlərin sayı artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir, çünki Azərbaycanın neft-qaz sektoru öz imkanlarını genişləndirir və ildən-ilə öz fəaliyyətimizi biz genişləndiririk”.

Dövlət başçısı bildirib ki, qarşıda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır: “Biz çalışacağıq ki, eyni qətiyyətlə, eyni səmərə ilə bütün vəzifələri icra edək. Əlbəttə ki, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatları və Böyük Britaniyanın Prezidenti və Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır, çünki dünyanın iki aparıcı dövlətinin dövlət və hökumət başçıları öz diqqətlərini sərgiyə əsirgəmirlər və hesab edirəm ki, dünya miqyasında bizim sərgimiz öz unikal rolunu saxlamaqdadır”.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan son illər ərzində əldə edilmiş uğurları tərəfdaşları ilə birgə qazanıb, çünki 1994-cü ildə Azərbaycan haqqında dünyada təsəvvür o qədər də geniş deyildi: “Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz üçün, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar bizim hamımızın yadındadır. Və 1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədər qoymuşdur, ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir, o cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir”.

Prezident İlham Əliyev deyib ki, 1994-cü ildə sərginin 1-ci tədbiri, əlbəttə ki, dünyanın neft-qaz şirkətlərinin Azərbaycanın iqtisadiyyatına diqqətini artırıb və bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə, əlbəttə ki, diqqət mərkəzindədir.

Dövlət başçısı xatırladıb ki, 1994-cü ildə ilk sərgi keçirilib və ondan bir neçə ay sonra Azərbaycanın bugünkü uğurlu inkişafını böyük dərəcədə müəyyən edən “Əsrin müqaviləsi” imzalanıb.

İlham Əliyev qeyd edib ki, bu, tarixi hadisə idi, çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi və bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı idi: “Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, bütün investorlara öz minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etmişlər”.

Azərbaycan Prezidenti BP şirkətinin fəaliyyətini xüsusilə qeyd edib və bildirib ki, BP Azərbaycanın ən böyük investoru və tərəfdaşıdır: “20 ildir ki, bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, ən azı 20 il, bəlkə ondan da çox bundan sonra da BP-SOCAR əməkdaşlığı, partnyorluğu Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Mən çox şadam ki, bizim BP kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə iştirak edirik və bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük”.

Dövlət başçısı deyib ki, 1994-cü ildə Azərbaycan yeni siyasətə qədəm qoydu və o ildən başlayaraq bu günə qədər ölkə neft-qaz sektorunda böyük uğurlara imza atıb: “Deyə bilərəm ki, dünya tarixində bəlkə də ən qısa müddət ərzində kontrakt imzalanandan sonra ilk neftin çıxarılmasına qədər cəmi 3 il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır və mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu, nəyə gətirib çıxaracaq. Ancaq bugünkü reallıq, bugünkü Azərbaycanın uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır”.

Prezident İlham Əliyev qeyd edib ki, Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dəniz ilə neft kəməri vasitəsilə birləşdi: “Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Və dəhliz yaradıldı. Beləliklə Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır və Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət göstərir. Dəhliz formalaşandan sonra, əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır və bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və loqistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir və Azərbaycan üzərindən keçən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO