İlham Əliyev: Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır

İlham Əliyev: Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır“Bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır”. Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

Prezident vurğulayıb ki, Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir, ictimai-siyasi sabitlik mövcuddur, insanların rifah halı yaxşılaşır.

Dövlət başçısı bildirib ki, Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır: “Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir.

Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər. Onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur”.

İlham Əliyev bildirib ki, Azərbaycan sürətli inkişaf yolundadır: “Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO