IDEA kampaniyası beynəlxalq “Yer Kürəsi Günü ” ilə bağlı aksiya keçirib

İnsanların diqqətini təbiətin gözəlliyinə, ona qarşı qayğıya, ətraf mühitin qorunması məsələlərinə və ona vurulan zərərə cəlb etmək məqsədilə mütəmadi olaraq yerli və beynəlxalq layihələr həyata keçirən IDEA kampaniyası bu gün qeyd olunan beynəlxalq “Yer Kürəsi Günü”nə həsr olunmuş aksiya keçirib.
Kampaniyadan Trend-ə verilən məlumata görə, artıq 192 ölkədə qeyd olunan “Yer Kürəsi Günü” hər il dünyanın müxtəlif ölkələrində yaşayan 1 milyarda yaxın insanı birləşdirir. “Yer Kürəsi Günü”nü koordinasiya edən “Earth Day Network” hazırda 22 minə yaxın təşkilatla əməkdaşlıq edir.
“Earth Day Network” ilə rəsmi tərəfdaşlıq edən IDEA kampaniyası “Yer Kürəsi Günü”nün Azərbaycanda qeyd olunmasına dair tədbirlər həyata keçirir. Belə ki, insanları, xüsusən, gəncləri ətraf mühitin qorunması ilə bağlı məlumatlandırmaq məqsədilə IDEA kampaniyası “Earth Day Network” tərəfindən həyata keçirilən #faceofclimate “hashtag”-i altında qlobal fotoşəkil toplanmasında iştirak edir. Aksiya çərçivəsində IDEA kampaniyasının fəalları təbiətin gözəlliyi və ətraf mühitin çirklənməsini əks etdirən fotoşəkillər çəkiblər. Gənclər fotoşəkillər vasitəsilə ətraf mühitin qorunmasına dair mesajlarını da çatdırıblar. 100-ə yaxın fotoşəkil “Earth Day Network”un rəsmi saytına yüklənib və sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, “Yer Kürəsi Günü” ilk dəfə 1970-ci ildə qeyd olunub. İlk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə edib. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, beynəlxalq “Yer Kürəsi Günü” hər il 22 aprel tarixində qeyd olunur.
Xatırladaq ki, ətraf mühitin qorunması məsələləri ilə bağlı insanları məlumatlandırmaq məqsədilə bir sıra beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) – Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA kampaniyası təbiətin mühafizəsi işlərinə gənclərin marağını artırmağa və onların keçirilən tədbirlərdə fəal iştirakına xüsusi önəm verir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO