Hər gün dünyada 3 min nəfər yol qəzasında ölür

Noyabrın 21-i Ümumdünya Yol Qəzaları qurbanlarının xatirə günü kimi qeyd olunur. Bu ildən etibarən xatirə günü Azərbaycanda da qeyri-rəsmi formada qeyd edilməyə başlanılıb. Bununla əlaqədər olaraq, Bakı şəhəri 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə anım mərasimi keçirilib. Mərasimdə DYP əməkdaşları, millət vəkilləri, təhsil işçiləri, valideynlər və şagirdlər iştirak edib. Mərkəzin müdir müavini Fəridə Süleymanova bildirib ki, yol qəzalarında həlak olan insanları yaddan çıxarmaq olmaz: «Rusiyada yol qəzalarında həlak olanların xatirəsinə abidə qoyulub. Biz də istəyirik ki, Azərbaycanda da belə bir abidə ucaldılsın. Yol qəzalarında həlak olanların yaxınlarına mənəvi dəstək lazımdır. Onların buna çox ehtiyacı var». Tədbirdə qeyd olundu ki, son 10 ayda yol qəzalarında 840 nəfərin həlak olması artıq müharibədir: «Sürücülərə qarşı qanunlar daha da sərtləşdirilməlidir. Hər bir sürücü məsuliyyətli olmalıdır. Son vaxtlar avtomaşınlar ölüm maşınına çevrilib».

Yol qəzalarında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra çıxış edən millət vəkili Elmira Axundova isə bildirdi ki, sürücülür vəsiqələrinin verilməsi qaydaları və sürücülük vəsiqəsi olmadan avtomaşın idarə edənlərə qarşı qanun sərtləşdirilməlidir: «Rayon yerlərində sürücülük vəsiqəsi olmayan gənclər daha çox avtomaşın idarə edir. Bu, çox təhlükəli bir haldır. Ölkəmizdə bu qədər yollar salınır, körpülər, keçidlər tikilir. Amma əksər hallarda görürür ki, piyadalar keçiddən istifadə etmir. Məhz ən çox qəzalar, ölüm halları da belə yerlərdə baş verir. Piyadalar diqqəti olmalıdır. Düşünürəm ki, piyadalarla bağlı qanunvericiliyə yenidən baxılmalı və qaydalar sərtləşdirilməlidir. Qadağan olunmuş yerdən keçən piyada bir dəfə cəzalandırılsı, bir daha bu əməli təkrar etməyəcək». Millət vəkili əlavə edib ki, qanunlar getdikcə sərtləşdirilir, lakin bəzən bunlar nəticəsiz qalır: «Bəzən piyadaları da qınamaq olmur. Çünki səkilər avtomobillərlə doludur. Deməli, problemlər hələ də qalır və biz bunların həllinə çalışmalıyıq».

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, ölümlə nəticələnən yol qəza hadisələrinin əksəriyyəti yol hərəkəti qaydalarının pozulması nəticəsində baş verir. Bu sırada piyadaların vurulması isə 50 faizdən çoxdur: «Bu günkü tədbir kimi maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd odur ki, insanların diqqətini bu məsələyə yönəldək və yol qəzalarının sayını azaldıq».

Rəsmi statistikaya əsasən, hər il Azərbaycanda 1000 nəfərə yaxın insan yol nəqliyyat hadisələrinin qurbanına çevrilir. Belə ki, 2010-cu ildə Azərbaycanda baş verən yol qəzalarında 925 nəfər həlak olub, 2871 nəfər yaralanıb. 2009-cu il ərzində respublika ərazisində 2792 yol nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 930 nəfər həlak olub, 3044 nəfər yaralanıb. 2008-ci il ərzində isə respublika ərazisində 2970 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1052 nəfər həlak olub, 3232 nəfər yaralanıb. Bu ilin 9 ayı ərzindəki statistika belədir: 712 ölü, 2459 yaralı. Hər gün dünyada 3 min nəfərdən çox insan yol qəzalarında ölür. Dünyada yol qəzalarının və bu hadisələrin qurbanlarının sayına görə inkişaf etməkdə olan ölkələr inkişaf etmiş ölkələri xeyli qabaqlayır. Əhalinin sayına düşən yol qəza qurbanlarının sayına görə İran ilk yerdədir.

İl ərzində dünyada baş verən yol qəzalarında təxminən 1 milyon 300 min insan həlak olur, 50 milyon nəfər isə yaralanır. Bu barədə İngiltərədə yerləşən Beynəlxalq Yol Təhlükəsizliyi Komissiyasının (BYTK) məlumatında bildirilir. Məlumatda deyilir ki, qəza nəticəsində baş verən ölüm halları yoxsul ölkələrdə sürətlə artmaqda davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO