Martın 9-da Bakıda, Heydər Əliyev Mərkəzində “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalının təntənəli açılış mərasimi olub.
Martın 19-dək davam edəcək festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır.
Tədbirdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.
Beynəlxalq Festivalın prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.
Festivalın açılış mərasimində ABŞ, Türkiyə, Çin, İran, Özbəkistan, İraq, İordaniya, Küveyt, Mərakeş və digər ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.
Mərasimdə Azərbaycan Dövlət simfonik, xalq çalğı alətləri orkestrlərinin, Azərbaycan Dövlət xor kapellasının, Azərbaycan Dövlət rəqs və qədim musiqi alətləri ansambllarının ifasında möhtəşəm konsert proqramı təqdim olunub.
Orkestrləri dirijorlar – Xalq Artisti Ağaverdi Paşayev və Əməkdar İncəsənət Xadimi Fəxrəddin Kərimov idarə ediblər.
Konsertdə xanəndələr Simarə İmanova, Təyyar Bayramov, Səbuhi İbayev, İlkin Əhmədov, Elnur Zeynalov, Arzu Əliyeva, Vüsalə Musayeva, Afaq Abbasova, Fərid Əliyev, Babək Niftəliyev, Səbinə Ərəbli, Güllü Muradova və cazmen Şahin Növrəslinin ifasında Azərbaycan xalq və bəstəkar mahnıları ilə yanaşı, xarici bəstəkarların əsərləri də səslənib