Heydər Əliyev Mərkəzində Ümumdunya Uşaqlar Gününə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Noyabrın 20-dən 22-dək Heydər Əliyev Mərkəzində “Anadangəlmə ürək xəstəliklərində yeniliklər” (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend Heydər Əliyev Mərkəzinə istinadən məlumat verir.

Məlumata görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunacaq beynəlxalq konfrans 20 noyabr – Ümumdünya Uşaqlar Gününə həsr edilib.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçiriləcək tədbir, həmçinin uşaq hüquqlarının əsas təməli sayılan “Sağlamlıq hüququ”nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir.

Konfransda anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsində ən son yeniliklər, tədqiqatlarda elmi və texnoloji nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq. Mütəxəssislərin məruzələri ilə yanaşı, klinik kurslar, canlı cərrahiyyə yayımı və video prezentasiyalar da təşkil olunacaq.

Konfransın əsas məqsədi Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşacaq beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan filmin təqdimatı da nəzərdə tutulur.

Konfransda Amerika, Avropa, Asiya, Afrika və Avstraliya qitələrini əhatə edən 50 ölkədən 300-dən çox mütəxəssis iştirak edəcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO