Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışacaq

Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə çalışacaqBirillik fasilədən sonra Azərbaycan və Ermənistan prezidentlərinin Bern görüşü olduqca vacib idi. Bunu Trend-ə ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, sıçrayışa nail olunmasa da, həmsədrlər cari ildə də prezidentlərin görüşünü təşkil etməyə çalışacaqlar: “Tərəflər baş tutmuş görüşdə təmas xəttində atəşkəs rejiminin pozulması daxil olmaqla bir sıra məsələləri, eləcə də münaqişənin nizamlanması ilə bağlı təklifi müzakirə ediblər. Həmsədrlər iki ölkənin xarici işlər nazirləri ilə münaqişənin nizamlanmasına dair sazişin əldə edilməsi, zorakılığın yaranması risklərinin azaldılması tədbirləri və Dağlıq Qarabağın icmaları arasında dialoqun gələcək inkişaf proqramı üzrə işi davam etdirəcəklər”.

Diplomat qeyd edib ki, ABŞ-ın münaqişə ilə bağlı mövqeyi dəyişməz olaraq qalır və Birləşmiş Ştatlar Minsk qrupu həmsədrlərinin münaqişənin davamlı həlli yollarının axtarışı üzrə səylərini dəstəkləyir: “Biz tərəflərə qarşıdakı sammitə konstruktiv yanaşmağı və münaqişənin tənzimlənməsində tərəqqinin əldə olunması imkanından istifadə etməyi təklif edirik”.

Xatırladaq ki, 2015-ci il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü keçirilib. Görüşdə iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak ediblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO