Həbs edilmiş REAL-çı azad olunması üçün Azərbaycan Prezidentinə müraciət edib

Bakı İstintaq təcridxanasında saxlanılan Rəsul Cəfərov həbsdən azad edilməsi üçün Azərbaycan Prezidentinə müraciət edib.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Rəsul Cəfərov müəssisə rəhbərliyi vasitəsi ilə ölkə Prezidenti cənab İlham Əliyevə müraciət edib.

R.Cəfərovun xahişi ilə onun müraciəti olduğu kimi ictimaiyyətin diqqətinə çatdırılır:

“Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyevə

Cinayət Məcəlləsinin 192.2.2; 213.1 və

308.2- ci maddələri ilə təqsirləndirilən və

hazırda Bakı İstintaq təcridxanasında

saxlanılan Cəfərov Rəsul Ağahəsən oğlu

tərəfindən

M Ü R A C İ Ə T

Möhtərəm cənab Prezident.

Mən hüquq müdafiə fəaliyyətim çərçivəsində həyata keçirdiyim layihələr üzrə cinayət törətməkdə ittiham edilirəm və barəmdə 02.08.2014 –cü il tarixdə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq qanunlara riayət edilməklə və istintaq orqanının səlahiyyətləri çərçivəsində aparılır, bu səbəbdən də həbsimdən əvvəl istintaqın obyektiv aparılması üçün bütün zəruri addımları atmışam.

Möhtərəm cənab Prezident,

Həbsadən buraxılmağa yalnız Sizin köməklik göstərə biləcəyinizi dərk edərək Sizə müraciət etmək qərarına gəlmişəm. Məqsədim həmişə daha firavan və daha yaxşı Vətən – Azərbaycan üçün fəaliyyət göstərmək olub, bundan sonra da, əsas qayəm bu istiqamətdəki fəaliyyətimdə olduğundan daha şəffaf, daha doğru və düzgün olmaqdan, dövlət qurumları və hakimiyyət nümayəndələri ilə geniş dialoq yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Əvvəlki fəaliyyətimdə yol verilən çatışmamazlıqları və nöqsanları aradan qaldırmağa hazır olduğuma Sizi əmin edirəm. Bilik və bacarığımı, habelə potensialımı həbsdə deyil, azadlığa çıxaraq istifadə etmək niyyətindəyəm.

Yuxarıda qeyd edilənləri nəzərə almağınızı və mənim həbsdən azadlığa buraxılmağıma sərəncam verməyinizi Sizdən xahiş edirəm.

Hörmətlə,

Cəfərov Rəsul Ağahəsən oğlu. 14.10.2014”.

Qeyd edək ki, Rəsul Cəfərov REAL Hərəkatının İdarə Heyətinin üzvüdür.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO