Güclənən hərb və İKT imkanları Azərbaycana Ermənistanın bütün ərazisinə nəzarət etmək şəraiti yaratdı

Güclənən hərb və İKT imkanları Azərbaycana Ermənistanın bütün ərazisinə nəzarət etmək imkanı yaratdı. Hərbi parad Azərbaycanın hərbi qüdrətinin nümayişi oldu. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

M.Əhmədoğlu qeyd edib ki, TOS-1A “Solntsepek” tipli güclü təzyiq və temperatur yaradan silahlar dağlıq ərazilərdə müharibə zamanı ermənilərin Azərbaycan qarşısında iddia etdikləri üstünlüyü neytrallaşdıran mühüm amildir.

Politoloq əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikasının hava məkanından istifadə qaydalarını təsdiq etdi. Bu qaydalara görə Azərbaycanın ərazisinə icazəsiz daxil olmuş hava gəmisi məcburi qaydada yerə enmə tələbinə əməl etmədikdə məhv edilə bilər: “Azərbaycan kosmik dövlətlər klubunun üzvü oldu. “AzerSpace-1″ peykinin orbitə buraxılması və kosmik mərkəzin fəaliyyətə başlaması Azərbaycanın inkişafında yeni inkişaf mərhələsi yaratdı. İnformasiya Texnologiyaları Universiteti yaradıldı. Azərbaycan İT sahəsində Ermənistanı üstələdi”.

M.Əhmədoğlu vurğulayıb ki, “AzerSpace-1” peykinin orbitə buraxılması və kosmik mərkəzin fəaliyyətə başlaması, yerüstü təsvirlərin əldə olunması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyində inqilabi dəyişiklik yaradır.

Onun sözlərinə görə, qoşunların təmas xəttində onlayn rejimdə baş verənləri bilmək vəziyyətə tam sahiblik etmək deməkdir: “Bakıda Hava Hərəkətinin İdarə Edilməsi Mərkəzi Ermənistan ərazisinə nəzarət etmək imkanındadır. Ermənistandan Dağlıq Qarabağa aviareysin təşkilinə çoxsaylı cəhdlər nəticəsiz qaldı. Ermənistanda isə bütün parametrlər üzrə geriləmə sürətlənib. İqtisadi rəqəmlərin azalma tempi müharibə dövrü ilə müqayisə oluna bilər. Ermənistan regionda müstəqil hərbi qüvvə olmaq imkanını itirir”.

Politoloq qeyd edib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan rəsmən etiraf etdi ki,”Ermənistan Rusiyanın iştirakı olmadan Dağlıq Qarabağın təhlükəsizliyini təmin edə bilməz”.

M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağda yerli və Ermənistandan gələn hərbçilər arasında ciddi qarşıdurma yarandı. Erməni ordusunda korrupsiya var: “Ermənistan parlamenti hakim Respublika Partiyasının Dağlıq Qarabağın müstəqilliyinin tanınması barədə qanun layihəsinin əleyhinə çıxdı. Qarabağı itirmək qorxusu Ermənistanda imperativ instinktə çevrilir. Dağlıq Qarabağ müharibəsinin yaranmasında müstəsna rolu olan Zori Balayanın Gülüstan müqaviləsinin 200 illiyi ərəfəsində “rus çarı” V.Putinə yazdığı məktub Ermənistan cəmiyyətində Qarabağı itirmək xofunu aşkarladı və gücləndirdi. Prezident S.Sarkisyanın Z.Balayana münasibəti daha da istiləşdi”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO