Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Azərbaycan və Ermənistanda regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Alasaniya, həmçinin Baş nazir ilə birlikdə Türkiyəyə yola düşür.
Dövlətlərarası münasibətlərdən başqa, iki ölkənin Müdafiə nazirlikləri arasında qarşılıqlı fəaliyyət planı müzakirə ediləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi jurnalistlərə müdafiə naziri İrakli Alasaniya bildirib.
Bundan əlavə, nazir mart ayında Azərbaycan və Ermənistana səfər edəcək. O, hər iki ölkədə regional təhlükəsizlik çərçivəsində hərbi əməkdaşlığı müzakirə edəcək.
“Regional təhlükəsizliyi bir ölkə təmin edə bilməz. Əməkdaşlığın bütün formalarından istifadə etmək lazımdır və Gürcüstan bu baxımdan qabaqcıl ölkələrdən biri olacaq”, – Alasaniya qeyd edib.
Onun məlumatına görə, yaxın gələcəkdə Azərbaycan ərazisində Gürcüstan, Türkiyə və Azərbaycanın birgə təlimlər keçirməsi planlaşdırılır.