Gələn il Bakıda ECOBANK-ın Rəhbərlər Şurasının illik iclası keçirilə bilər

İyunun 20-də Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının (ECOBANK) Rəhbərlər Şurasının 13-cü İllik Toplantısı keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə ölkəmizi bankın Rəhbərlər Şurasında Azərbaycandan müdir, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

ECOBANK-ın Rəhbərlər Şurasında Azərbaycandan müdir Ş.Mustafayev çıxışında Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığa böyük önəm verildiyini, təşkilatın müxtəlif təşəbbüsləri çərçivəsində ölkəmizin ticarət, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələrdə sazişlərə qoşulduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmiz 2013-cü ildə ECOBANK-a üzv olub. Hazırda Azərbaycan ECOBANK-ın üzv ölkələri ilə siyasi, iqtisadi və humanitar sahələrdə uğurlu əməkdaşlıq edir.

Nazir Azərbaycan iqtisadiyyatı, ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu iri enerji və regional nəqliyyat layihələri barədə məlumat verib, ölkəmizin etibarlı tərəfdaş, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu, siyasi və makroiqtisadi sabitliyin təmin edildiyini, Azərbaycanda investorlar üçün əlverişli şərait yaradıldığını diqqətə çatdırıb. Azərbaycanın iqtisadi uğurları beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Ş.Mustafayev Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu vurğulayıb.

O, ECOBANK-ın prioritet sahələri olan infrastruktur, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, enerji və digər sektorların eyni zamanda Azərbaycanın iqtisadi inkişafının prioritet istiqamətləri olduğunu diqqətə çatdırıb, bankı ölkəmizdə bu istiqamətlərdə, xüsusilə, özəl sektorda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. Bankın xidmətlərinin Azərbaycanda geniş təşviqi üçün ECOBANK Rəhbərlər Şurasının İllik Toplantısının Azərbaycanda keçirilməsi təklif edilib.

Tədbirdə ECOBANK-ın 2013-cü il üzrə İllik Hesabatının təqdimatı keçirilib, bankın 2014-cü il büdcəsi təsdiq edilib, təşkilati məsələlərə baxılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO