Fuad Ələsgərov: “Bundan sonra Azərbaycana gəlmək istəyən turistlərin viza alması asanlaşacaq”

Hazırda miqrasiya prosesləri çox sürətlə inkişaf edir. Miqrasiya axınlarının böyük bir hissəsi əməkçi miqrantların yerdəyişməsi ilə bağlı olsa da, turist miqrasiyası da bu prosesdə mühüm yer tutur. Qarşıdan yaz və yay turizm mövsümiləri yaxınlaşır. Eyni zamanda, 2011-ci il ölkəmizdə “Turizm ili” elan olunub. Bununla bağlı miqrasiya proseslərinin idarə olunmasında müəyyən tədbirlərin görülməsi nəzərdə tutulur. Qeyd olunan məsələlərə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov aydınlıq gətirib.

– Fuad müəllim, 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunması ilə əlaqədar miqrasiya sahəsində nə kimi tədbirlərin görülməsi nəzərdə tutulur?

– Məlum olduğu kimi, 2011-ci il fevralın 15 – də Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili” elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamın məqsədi ölkəmizdə turizmin daha da inkişaf etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, turizm ehtiyatlarından səmərəli istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət abidələrinin və eləcə də xalqımızın qədim mədəni-tarixi irsinin geniş miqyasda tanıdılmasıdır. Sərəncamda Nazirlər Kabinetinə tədbirlər planının hazırlanması tapşırığı verilib. Eyni zamanda, prezidentinin tapşırığına əsasən, həmin sərəncamın və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə” 2007-ci il 28 iyul tarixli sərəncamın icrası çərçivəsində Azərbaycanda turizmin inkişaf etdirilməsi, turistlərə vizaların verilməsi qaydalarının sadələşdirilməsi və bu sahədə şəffaflığın artırılması məqsədilə müvafiq Qanun layihəsi hazırlanaraq, Milli Məclisinə təqdim edilib.

– Mümkündürsə, qanun layihəsinin mahiyyəti barədə məlumat verərdiniz…

– Qanun layihəsinə əsasən, bundan sonra turistlərin turizm şirkətləri vasitəsilə viza alması asanlaşacaq. Belə ki, turizm şirkətləri turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) birbaşa əcnəbilərin yaşadığı ölkədəki Azərbaycan səfirliklərinə və konsulluqlarına, Azərbaycan səfirlikləri və konsulluqları olmayan ölkələrdə yaşayan əcnəbilər üçün isə üçüncü ölkələrdə Azərbaycanın səfirliklərinə və konsulluqlarına müraciət edə biləcəklər. Vizalar elektron formada tərtib ediləcək və sorğu edən turizm şirkətinin elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada verilən viza pasporta yapışdırılmayacaq və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunacaq. Qeyd olunmalıdır ki, Azərbaycanın xarici ölkələrdəki bütün səfirlikləri və konsulluqları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə qoşulub və onlar tərəfindən viza verilməsi üçün tələb olunan zəruri məlumatların əldə edilməsi təmin olunub.
Turizm şirkətləri üçün müəyyən edilmiş digər bir imkan viza almaq üçün sənədlərin poçt vasitəsilə Azərbaycanın səfirliklərinə və konsulluqlarına göndərilməsidir. Bu halda viza rəsmiləşdirilərək, şəxsin pasportu və digər sənədləri (səfirlikdə və ya konsulluqda qalmalı sənədlər istisna olmaqla) poçt vasitəsilə turizm şirkətlərinə qaytarılacaq.

– Turist vizası üçün təqdim olunan sənədlərin siyahısında və ya müraciətlərə baxılması müddətlərində dəyişiklər ediləcəkmi?

– Qanun layihəsində səfərin turizm məqsədilə həyata keçirildiyini təsdiq edən sənədlər müəyyən edilib. Bunlar – turizm vauçeri və ya turizm yollayışı, sərnişin bileti və mehmanxanada, kempinqdə, turist bazasında və ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiq edən sənədlərdir. Viza verilməsi üçün tələb olunan sənədlərin siyahısı, ərizənin forması və dövlət rüsumunun məbləği barədə, habelə digər məlumatlar Xarici İşlər Nazirliyinin, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdiriləcək. Layihədə turistlərə viza verilməsi üçün müraciətlərə ən gec 15 gün müddətində baxılması nəzərdə tutulur. Yeni qaydalara əsasən, verilən turist vizası 30 günədək ölkədə qalmaq imkanı verəcək.

– Bu yaxınlarda vizaların rəsmiləşdirilməsi ilə bağlı daha bir sənəd qəbul edilib. Yeni qanun layihəsinin həmin sənədlə hər hansı əlaqəsi varmı?

– 2010-cu il sentyabrın 13-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” fərman imzalanıb. Həmin fərmanla əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin viza almaq üçün ərizə ilə birbaşa Xarici İşlər Nazirliyinə (o cümlədən, beynəlxalq hava limanlarında) müraciət etdiyi hallar müəyyən edilib. Bu fərman qüvvədədir və dövlət orqanları tərəfindən uğurla tətbiq edilir. Yeni qanun layihəsi isə qeyd etdiyimiz kimi turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsinə yönəlmişdir. Turistlərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO