Fransa Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səyləri birləşdirmək lazımdır

Fransa öz əlaqələrini, eləcə də Avropanın müstəqil tərəfdaşlarla əlaqələrini möhkəmləndirmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Fransa Prezidenti Fransua Olland Bakıda Azərbaycan-Fransa biznes forumu çərçivəsində sualları cavablandırarkən bildirib.

Prezidentin sözlərinə görə, onun Azərbaycana səfərinin məqsədi də məhz bundan ibarətdir.

F.Olland qeyd edib ki, onun səfəri heç kimə qarşı yönəlməyib: “Biz kimisə kiminləsə əməkdaşlıqdan imtina etməyə inandırmaq niyyətində deyilik. Məqsədimiz ölkəyə özünü və öz mövqeyini göstərməkdə kömək etməkdir. Bu, Azərbaycana da, Gürcüstana da, Ermənistana da, Ukraynaya da, eləcə də digər ölkələrə aiddir”.

Onun sözlərinə görə, Dağlıq Qarabağ regional problemlərdən biridir və bu məsələ Azərbaycan Prezidenti ilə görüş zamanı müzakirə olunub.

Fransanın dövlət başçısı deyib ki, bu məsələni Ermənistan rəhbərliyi ilə də müzakirə etmək niyyətindədir: “Məqsədimiz bu münaqişənin həllini tapmaqdır. Ərazi məsələsi bu problemin aktual olduğu Gürcüstana səfərim zamanı da müzakirə mövzusu olacaq”.

F.Olland vurğulayıb ki, Fransa ATƏT-in Minsk qrupunun üzvüdür və uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin davamlı və son həllinin müxtəlif yollarının axtarışındadır: “Münaqişənin indiyədək həll olunmamasına səbəb olan müəyyən məsələlər var. Lakin Azərbaycana səfər etməyim faktı, daha sonra Ermənistana yola düşməyim ondan xəbər verir ki, iş davam edir. Fransanı Azərbaycanla da, Ermənistanla da dostluq əlaqələri birləşdirir”.

Prezident qeyd edib ki, münaqişənin həlli üçün səyləri birləşdirmək lazımdır.

Onun sözlərinə ğörə, bu günün məqsədi iki dövlət başçısının münaqişənin həllində yeni irəliləyişlərə nail olmaqdan ötrü görüş keçirməsidir: “Bu münaqişə regionun inkişafına mane olur və insanların sərbəst hərəkətini əngəlləyir”.

Dövlət başçısı bildirib ki, Fransa daim fəal olub və münaqişənin yeni həlli yollarının axtarışındadır: “Bu, eləcə də Ukraynadakı vəziyyətə aiddir. Ukraynaya gəldikdə, onu deyə bilərəm ki, bununla bağlı yaxın günlərdə çox sərt qərarlar qəbul ediləcək. Biz hökmən prinsiplərə əməl etməli və dialoqa üstünlük verməliyik. Milli azlıqlara hörmət məsələsi Ukrayna, Fransa, Afrika ölkələri və Şərqi Avropa üçün də səciyyəvidir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və biz bu baxımdan da faydalı olmaq istəyirik”.

F.Olland həmçinin qeyd edib ki, Bakıdakı danışıqlar zamanı viza rejiminin sadələşdirilməsi məsələsi də müzakirə olunub: “İkitərəfli əməkdaşlıq iqtisadi məsələlərlə məhdudlaşmamalıdır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO