Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov “bp” şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qordon Birrelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, nazir görüş zamanı respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Həmçinin, ötən illər ərzində Azərbaycan FHN ilə “bp” şirkəti arasında fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində görülmüş işlərin mühüm əhəmiyyət kəsb etdiyi qonağın diqqətinə çatdırılıb.
Eyni zamanda, əməkdaşlıq çərçivəsində son illər ərzində həyata keçirilmiş birgə təlimlərin əhəmiyyəti qeyd edilib və gələcəkdə də “bp-Azərbaycan” şirkəti ilə Fövqəladə Hallar Nazirliyi arasında imzalanmış Qarşılıqlı Fəaliyyət Planına əsasən bu kimi birgə tədbirlərin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Qonaq da öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirib və sözügedən şirkətlə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb