Ermənistanın dezinformasiya cəhdlərinə azərbaycanlı diplomatın ABŞ mətbuatında tutarlı cavabı

Ermənistanın dezinformasiya cəhdlərinə azərbaycanlı diplomatın ABŞ mətbuatında tutarlı cavabıABŞ-ın tanınmış mətbu orqanlarından olan “Daily Caller” qəzetində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın və erməni lobbisinin dezinformasiya və ictimaiyyəti yanıltma fəaliyyətlərini hədəf alan “Ermənistan-Azərbaycan münaqişəsi: məkrli təbliğatın rolu” məqaləsi dərc olunub.

Bu barədə Trend-ə Konsulluqdan məlumat verilib.

Aprel ayının əvvəllərində Ermənistan ordusunun Azərbaycana qarşı törətdiyi silahlı təxribata diqqət çəkən diplomat, münaqişənin həllində davamlı sülhə nail olmaq üçün dezinformasiya və məkrli təbliğat cəhdlərinin yolverilməz olduğunu vurğulayır. Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qaldığını bildirən baş konsul qeyd edir ki, münaqişənin başlanğıcından bu günə qədər Ermənistan və ermənipərəst qüvvələr tərəfindən məqsədli şəkildə dövriyyəyə buraxılan əsassız iddialar, o cümlədən beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanmış ‘miflər’ Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həllinə ciddi şəkildə mane olur.

Bu səpkidə, diplomat, konkret faktlara istinadən, ermənipərəst iddiaların əsassızlığını aydın şəkildə göstərən məqamları diqqətə çatdırır.

N.Ağayev bildirir ki, hər nə qədər erməni təbliğatçıları dünyanın müxtəlif yerlərində artmaqda olan islamafobiyadan istifadə edərək, Ermənistan-Azərbaycan münaqişəsini müsəlman-xristian qarşıdurması kimi qələmə verməyə çalışsalar da, bunlar Azərbaycan reallığını qətiyyən əks etdirmir.

Müəllif Azərbaycanda müxtəlif dinlər və xalqlar arasında qədim dövrlərdən indiyə qədər qarşılıqlı etimad və qardaşlıq əlaqələrinin hökm sürdüyünü vurğulayır, dünyəvi prinsiplər əsasında təsis edilmiş respublikamızda müsəlman, xristian, yəhudi və digər etiqad daşıyıcılarının sülh və əmin-amanlıq şəraitində birgə yaşamasından bəhs edir.

Eyni zamanda, baş konsul Qarabağın əzəli Azərbaycan torpağı olmasını, bölgədəki erməni azlığının sayının 19-cu əsrdə ermənilərin Yaxın Şərqdən bura kütləvi köçürülmələri nəticəsində süni şəkildə artırılmasını tarixi faktlarla diqqətə çatdırır. Həmçinin, N.Ağayev bildirir ki, bu ərazilər, erməni təbliğatının təlqin etdiyi kimi, qondarma “Dağlıq Qarabağın özünümüdafiə qüvvələri” tərəfindən deyil, məhz Ermənistan tərəfindən işğal olunub.

Bu səpkidə baş konsul 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) “Çiraqov Ermənistan əleyhinə” işinə dair qərarından söz açır və əlavə edir ki, bu qərar, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılığı sübuta yetirən önəmli beynəlxalq hüquqi sənəddir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO