Ermənistana terrorçu dövlət deməyin vaxtıdır

Ermənistana terrorçu dövlət deməyin vaxtıdır31 mart. Bu gün dövlətimin və millətimin qan yaddaşına yazılmış ən faciəli günlərdən biridir. Ermənilərin millətimizə qarşı törətdikləri insanlığa sığmayan vəhşiliklərin, qırğınların, soyqırımların tarix səhifələrinə yazıldığı gündür.

31 mart – bolşeviklərin daşnaqlarla birlikdə millətimizə qarşı həyata keçirdikləri milli qırğın günüdür. 1918-ci ildə martın 30-dan başlayaraq aprelin 3-dək Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində – Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvanda daşnak erməni silahlı dəstələri bolşeviklərlə birgə azərbaycanlılara qarşı qırğınlar törədiblər. Rəsmi mənbələrin verdiyi məlumatlarda soyqırım nəticəsində 12 mindən çox insanın qətlə yetirildiyi, on minlərlə soydaşımızın itkin düşdüyü bildirilir. Bu hadisələrin baş verməsindən sonra 1919-1920-ci illərdə martın 31-i Azərbaycanda matəm günü kimi qeyd olunub.

1998-ci il martın 26-da Heydər Əliyev tərəfindən imzalanan sərəncamla ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Tarix təkrarlanır desəm, məncə yanlış olmaz. Tarixin təkəri dövr edir. Təqvimlərdə günlər, aylar, illər dəyişir. Amma nə yazıq ki, xislətində xalqıma qarşı hər zaman faşist düşüncəsi daşıyan ermənilərin isə mənfur niyyətləri dəyişmir. Yaxın keçmişdə sonuncu Qarabağ savaşında Azərbaycan torpaqlarında yaşananlar dediklərimizi bir daha təsdiqləyir. XX əsrin sonlarında – Azərbaycan torpaqlarında 88-ci ildən başlayan ermənilərin hücumları 90-cı illərin ortalarına qədər davam etdi. Acı təəssüflə qeyd edim ki, sözügedən tarixlər də dövlətimin və millətimin qan yaddaşına ermənilərin Azərbaycan torpaqlarında xalqımıza qarşı qırğınlar, faciələr, soyqırımlar törədilməsi ilə yazıldı. Bu günə qədər də bu qırğınları, hərbi cinayətləri törədən erməni faşistləri azadlıqda gəzir, törətdikləri cinayətlərə görə, cəzalarını almayıblar.

Söz zamanına çəkər. Bu günlərdə BMT-nin Haaqa tribunalı Serbiya Respublikasının birinci prezidenti Radovan Karaciçi 11 ittiham maddəsinin 10-u üzrə məsuliyyətli bilib və onu 40 il müddətinə azadlıqdan məhrum edib. Haaqada keçmiş Yuqoslaviya üzrə BMT-nin Beynəlxalq Cinayət Tribunalı R.Karaciçi insanlığa qarşı cinayətdə günahkar elan edib. Tribunal onu 1995-ci ildə Srebrenitsedə 8 min müsəlmanın soyqırımında, Serbiya ordusunun Sarayevonu mühasirəyə aldığı zaman 12 min insanı qətlə yetirməkdə, BMT sülhməramlılarından canlı sipər kimi istifadə etməkdə günahkar bilib. R.Karaciç 1992-1995-ci illərdə Bosniyada hərbi cinayətlər törətməkdə günahlandırılır. Həmin vaxt 7500 Bosniya müsəlmanı qətlə yetirilib.

Bu cəza soyqırım törədilməsinə görə qurulan məhkəmədə müttəhim kimi ittiham olunana kəsilən cəzadır. Digərlərinə örnək yəni. Alqışlayıram. Tökülən qanlar yerdə qalmamalı idi. Gec də olsa belə…

Bəs yaxın keçmişdə – XX əsrin sonlarında mənim millətimin başına gətirilən soyqırımların cavabdehləri nə zaman müttəhimlər kürsüsündə otuzdurulacaq. Nə zaman Robert Köcəryan, Serj Sarkisyan, Seyran Ohanyan və digər ….YANlar Azərbaycan torpaqlarında xalqımıza qarşı törətdikləri hərbi cinayətlərə görə cavab verəcəklər??? Şuşada, Ağdamda, Xocalıda, Ağdabanda, Qaradağlıda, Malıbəylidə və Azərbaycanın daha bir çox bölgələrində, dədə-baba yurdumuzda soydaşlarımızın axıdılan qanlarının hesabı nə zaman veriləcək??? Nə zaman???

Bu sualların cavabını bilmək istəyirəm. Çünki tökülən qanlar yerdə qalmamalıdır.

Silahlar cəbhədə bu gün də susmur. Hazırda Ermənistanda hakimiyyətdə olan cinayətkar dəstənin diktəsi ilə Azərbaycanla sərhəd rayonlarda cəbhə xəttində erməni silahlı birləşmələrinin hücumları nəticəsində övladlarımız bu gün də şəhid olurlar. Bu proseslərdə bütün məsuliyyət isə cinayətkar Ermənistan hakimiyyətinin üzərinə düşür.

Beynəlxalq Cinayət Məhkəməsi əlləri millətimin qanına bulaşmış erməni quldurlarını nə zaman müttəhimlər kürsüsündə dindirəcək?

Azərbaycanın zorən qatıldığı Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq ictimaiyyət tərəfindən dövlətimə ədalətli münasibət sərgilənəcəyi zaman mümkündür. Bu mümkünlüyün içərisində isə ermənilərin törətdikləri hərbi cinayətlərin üzərinə də gün düşəcək. Əminəm…Çünki hər şey ortada. Törədilənlər də, törədənlər də…Yetər ki, Sizlər – dünyanın super gücləri Azərbaycana ədalətlə yanaşın. İşğalçıyla eyni deyil.

Sözüm həm də münaqişənin həllinə cəlb olunmuş həmsədrlərə və onların təmsil etdikləri dövlətlərin başçılarınadır. Cənab Prezidentlər, sözüm Sizədir – Ermənistana terrorçu dövlət deməyin artıq vaxtıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO