Ermənilər bu dəfə AŞ PA-nı aldada bilmədilər

Ermənilər bu dəfə AŞ PA-nı aldada bilmədilərAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞ PA-nın Strasburqda keçirilən sessiyası zamanı ermənilərin təxribat xarakterli hərəkətləri barədə məlumat yayıb.

Trend-in məlumatına görə, E.Süleymanov bildirib ki, bu sessiya son vaxtlar Ermənistanın cəbhəboyu ərazilərdə yaşayan Azərbaycanın mülki vətəndaşlarına hücumlarının artmasından sonra keçirilən ilk AŞ PA sessiyası idi: “Bu günlərdə Ermənistanın təbliğat maşını beynəlxalq ictimaiyyətin diqqətini real problemdən – Azərbaycan ərazisinin Ermənistan tərəfindən qanunsuz silahlı işğalının davam etməsi faktından yayındırmağa ümid edərək, bütün media qurumlarında həddindən artıq fəal işləyir və absurd ittihamlarla Azərbaycana hücumlar edirdi. Ermənistan tərəfindən süni şəkildə siyasi gərginlik yaradılmışdı və onlar Azərbaycanın müsbət imicini dağıtmaq və işğal edilmiş ərazilərdə gedən son əməliyyatlara dair həqiqəti təhrif etmək məqsədilə Strasburq siyasi səhnəsində tammiqyaslı siyasi hücumlar hazırlamışdılar”.

O, qeyd edib ki, bu məqsədlə fransızların lideri və erməni lobbiçisi Rene Ruke “Son günlərdə Dağlıq Qarabağ münaqişəsinin faciəvi alovlanması”nı müzakirə etmək üçün cari müzakirə müraciətini irəli sürdü: “Azərbaycan nümayəndə heyəti isə bu təklifə cavab olaraq, oxşar, lakin düzgün ifadə formasında “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində zorakılığın faciəvi şəkildə artması” mövzusunu irəli sürdü. Bu düzgün ifadə forması Ermənistanın qəzəbinə səbəb oldu və Ermənistan nümayəndə heyəti “Dağlıq Qarabağa qarşı son təcavüz zamanı Azərbaycanın törətdiyi müharibə cinayətlərı” adlı üçüncü absurd və ekstremist təklifi irəli sürdü. Deputatlar AŞ PA-da geniş müzakirənin keçiriləcəyini yerli Ermənistan mətbuatında elan etmişdilər. Onlar tezisləri üçün tam dəstək səfərbər etdiklərinə və indi Azərbaycanın nüfuzunun qəti və ictimai şəkildə puç ediləcəyinə öz auditoriyalarını əmin etmişdilər”.

E.Süleymanov əlavə edib: “Azərbaycan bu şəraitdə belə, təhqiredici müzakirə aparmaq marağında deyil. Bu səbəbdən də mən bu məsələyə dair bütün müzakirə müraciətlərinin geri götürülməsini müdafiə etdim. 18 apreldə Büro bu debatların mümkünlüyünü müzakirə etdi. Qısa, lakin gərgin müzakirədən sonra təklif səsə qoyuldu. Azərbaycan tam qələbə qazandı, belə ki, Büro bu sessiyada Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərlə bağlı bütün müzakirələri təxirə salmaq, barədə bir səs istisna olmaqla, yekdil qərar verdi. Beləliklə, AŞ PA Bürosundakı bu böyük dəstəyi çox yüksək qiymətləndirirəm, çünki bu dəstək avropalı deputatların artıq Ermənistanın yanlış məlumatlarına kor-koranə aldanmadığını, yaxud çaşqınlığa düşmədiyini göstərdi. Bu, eyni zamanda ermənilərin Avropa Şurası daxilində planlaşdırılmış təbliğat müharibəsi aparmasının qarşısını aldı”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO