Elxan Süleymanov: Düşmənlərimizin Azərbaycana qara yaxmaq cəhdlərini AŞPA Bürosu rədd etdi

Elxan Süleymanov: Düşmənlərimizin Azərbaycana qara yaxmaq cəhdlərini AŞPA Bürosu rədd etdi
“Bu məsələdə azərbaycanlı adını daşımağa layiq olmayan bəzi adamların dəstək verməsi ehtimal olunur”
Millət vəkilli, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞP-nın sessiyasında müzakirə olunan, Azərbaycanla bağlı məsələlərə dair müsavat.com-un suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– Elxan müəllim, bazar ertəsi günü açıqlama yayaraq bildirdiniz ki, AŞPA-nın iclasında Azərbaycanda keçirilmiş 26 sentyabr referendumuna dair memorandum 10 oktyabrda artıq AŞPA Bürosu tərəfindən qəbul edilib. Bu məsələnin cümə günü, yəni 14 oktyabrda yenidən Büroda müzakirə edildiyi doğrudurmu?

– Memorandum konkret olaraq bazar ertəsi, 10 oktyabr iclasının gündəliyinə salınmışdı. Bunun belə olduğuna AŞPA-nın internet səhifəsindən asanlıqla baxmaq olar. Mətn çap variantında Büro üzvlərinin sənədlərinə əlavə edilmişdi ki, üzvlər qeyd götürə bilsin. Gündəlikdə həqiqətən də qeyd edilmişdi ki, Büro bu memorandumu yalnız “nəzərə alacaq”. Memorandum Büro üzvlərinə paylandı, beləliklə, sənəd üzvlərin gözü önündə idi və onlar sənədi “nəzərə ala” bildilər. “Nəzərə almaq” proseduru sonradan başqa bir prosedur, müzakirə yaxud səsvermə tələb etmir.

– Cümə günü Büroda yenidən müzakirə aparıldımı?

– Ölkəmizə münasibətdə xeyli obyektiv və ədalətli mövqe sərgilənyənlər olsa da, təəssüf ki, düşmənlər də mövcuddur. Son günlər bəzi Büro üzvləri memoranduma dair şəxsi qeydlər etmək və beləliklə, ölkəmizə hücum etmək imkanı qazanmaq üçün təkid edirdi. Gözlənildiyi kimi, bu opponentlər bir daha katibliyin dəstəyini əldə etdi. Belə ki, katiblik məsələni yenidən oktyabrın 14-də Büronun gündəliyinə daxil etdi. Başqa sözlə, Büro eyni memorandumu ikinci dəfə 4 gün sonra “nəzərə alır”… Şübhəsiz, bu, olduqca zəif siyasi təcrübədir, lakin digər tərəfdən, bu lüzumsuz təşəbbüs bizə təsir etməməlidir. Bu, dəyişilməz qalan memorandumun statusu və formulyasiyasında faktiki olaraq heç nəyi dəyişmir. Memorandum Azərbaycanda 26 sentyabr referendum islahatlarına dair AŞPA-nın mövqeyini əks etdirən yeganə rəsmi AŞPA sənədidir. 14 oktyabr Büro iclasında Azərbaycanın qatı düşməni olan Savitskinin intiqam hissi ilə bu məsələnin təkrarən gündəliyə salınmasının bir məqsədi olub: Azərbaycana hücum edənlərin sayını artırmaq. Çox təəssüf ki, bu məsələdə azərbaycanlı adını daşımağa layiq olmayan bəzi adamların dəstək verməsi ehtimal olunur. Savitski və bütün düşmənlərin 5 gün ərzində Azərbaycana ləkə yaxmaq cəhdləri Büro tərəfindən rədd edildi. Büro qərar verdi: Azərbaycanda keçirilən referendumla bağlı memorandum haqqında qeyd Büronun bazar ertəsi 10 oktyabr tarixli iclasında aparılıb. Memorandumun AŞPA Bürosunda maneəsiz və heç bir düzəliş olmadan təsdiqlənməsi nəinki xarici düşmənlərimizi, hətta daxildə ölkəmizi sevməyənləri də məyus etdi. Onların bu sənədi şübhə altına aldırmaq cəhdləri tamamilə puç oldu.

– Yəni bununla məsələ bağlanıb və nəticə müsbətdir?

– Məsələ tamamilə bağlanıb və nəticə tamamilə müsbətdir.

Elşad MƏMMƏDLİ

musavat.com

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO