Elxan Süleymanov: “Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu “

Avropa Şurası Parlament Assableyası (AŞPA) Monitorinq və İnsan Hüquqları Komitələrinin toplantısından dərhal sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Elxan Süleymanov açıqlama verib.

SalamNews-un məlumatına görə, o deyib ki, AŞ PA-nın qış sessiyasında Azərbaycanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı 4 illik hesabat məruzəsi qəbul edilib. Bu məruzə hələ keçən il dekabrın 12-də Monitorinq Komitəsinin iclasında müsbət bir məruzə kimi qəbul edilmişdi. Həmin məruzə demək olar ki, heç bir əlavə və dəyişikliklər olmadan plenar iclasda bütövlüklə qəbul edilib. O zaman Monitorinq Komitəsinin iclasında mənim verdiyim və qəbul olunmuş hər iki təklif – Ermənistanın Azərbaycan torpaqlarını hərbi yolla işğal etməsi və etiraz aksiyaları ilə bağlı hakimiyyətlə aksiya təşkilatçıları arasında kompromiss tapılması ilə bağlı təkliflər sessiya tərəfindən qəbul edilib.

Qəbul edilmiş bu hesabat göstərir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Bəzi çatışmazlıqlar qeyd olunsa da həmməruzəçilərin dediyi kimi, son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərəçarpan dərəcədədir.

O deyib: “Kristof Ştrasserin məruzəsi isə qəbul edilmədi və qəbul edilə də bilməzdi. Çünki, Ştrasser Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe tutmuşdu. Məruzəçi təyin edildikdən dərhal sonra məsələni siyasiləşdirməyə cəhd göstərərək öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham edirdi. O, məruzəçi olduğu müddətdə Azərbaycanla əməkdaşlıq etməyib və obyektiv araşdırma aparmayıb. Ştrasser təqdim etdiyi siyahısında həbsdən azad olunanları, terrorçuları, qatilləri, xüsusilə ağır cinayətlər törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi. Ona görə də bu gün Ştrasserin məruzəsinə səs verməyənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirmiş oldular. Bununla da üzv ölkələr arasında ayrıseçkiliyə, ikistandartlılığa qarşı cəsarət göstərib haqqa və ədalətə səs verdilər. Bu, haqqın və ədalətin zəfəridir.”

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO