Aprelin 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikası xarici işlər nazirinin müavini, xanım Nquen Fionq Nqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin və müqavilə-hüquq bazasının möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Vyetnamın regionun aparıcı ölkələrindən biri olduğunu söyləyən nazir, N. F. Nqanın səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminlik ifadə edib. O, Vyetnamın xarici işlər nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.
Azərbaycanla Vyetnam arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edən qonaq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Petro Vietnam” şirkəti arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində və dərinləşdirilməsində maraqlı olduqlarını bildirib.
Görüşün sonunda xanım N. F. Nqan Vyetnamın xarici işlər naziri adından nazir Elmar Məmmədyarovu bu ölkəyə rəsmi səfərə dəvət edib.