Elmar Məmmədyarov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidir

Elmar Məmmədyarov: Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidirAzərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çinin xarici işlər naziri Yanq İ ilə görüşüb.

Bu barədə Trend-ə XİN-dən məlumat verilib.

Çinin xarici işlər naziri Yanq İ xarici işlər naziri E.Məmmədyarovu salamlayaraq, ölkələr arasında əlaqələrin inkişafından məmnunluğu bildirib.

Yanq İ Azərbaycana Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusunun verilməsinə dair Memorandumun imzalanması münasibətilə təbriklərini çatdırdı və ölkəsinin Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı ailəsində görməkdən məmnun olduğunu bildirib.

Nazir E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin 8-11 dekabr 2015-ci il tarixlərində Çinə səfərini xatırladaraq, bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına və yeni səviyyəyə qalxmasına təkan verdiyini xüsusilə qeyd edib.

Azərbaycan və Çinin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin yaxınlığını deyən E.Məmmədyarov hər iki ölkənin bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazığını dəstəklədiklərini vurğulayıb.

E.Məmmədyarov bu mövqeyin Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı hər iki ölkənin rəhbərləri tərəfindən imzalanmış “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə”də bir daha təsbit olunduğunu diqqətə çatdırıb.

İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsinə toxunan E.Məmmədyarov bu xüsusda hökumətlərarası müştərək komissiyanın əhəmiyyətli rolunu qeyd edib.

Azərbaycanın Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsini dəstəklədiyini deyən E.Məmmədyarov ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühüm bir hissəsi olduğunu bildirib. O, sınaq məqsədilə Çindən olan konteyner qatarlarının bu marşrut üzrə uğurla son məntəqəyə çatdığını qeyd edərək, Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin tezliklə işə düşməsi ilə bu imkanların daha da artacağını nəzərə çatdırıb.

Ermənistanın Azərbaycan münaqişəsi haqqında həmsöhbətə ətraflı məlumat verən nazir E.Məmmədyarov münaqişənin regional sülh və təhlükəsizlik üçün əsas hədə olduğunu söyləyib.

Yanq İ iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı həmkarının fikirlərinə şərik çıxdığını, Çinin nəqliyyat dəhlizlərinin inkişafına mühüm əhəmiyyət verdiyini və ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu deyib. O, beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkənin əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO