Elmar Məmmədyarov: AŞ Nazirlər Komitəsi Ukraynaya hər cür dəstək göstərməkdə davam edəcək

Avropa Şurası Nazirlər Komitəsi ölkənin demokratik inkişafını gücləndirmək məqsədilə Ukraynaya hər cür dəstək göstərməkdə davam edəcək. Trend-in Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov AŞ PA-nın iclasında Avropa Şurası Nazirlər Komitəsinin sədri qismində çıxış edərkən deyib.

Onun sözlərinə görə, Ukraynadakı vəziyyətlə bağlı olaraq Vyanadakı bütün iştirakçılar (Nazirlər Komitəsinin 6 may 2014-cü il tarixində Vyana şəhərində keçirilmiş 124-cü sessiyası – red.) gərginliyin azaldılması və dialoq və birbaşa danışıqlar vasitəsilə münaqişənin sülh yolu ilə həllinə çağırdılar: “Həmkarların çoxu Ukraynanın ərazi bütövlüyü, birliyi, suverenliyi və müstəqilliyinə hörmətə qəti sadiqliklərini ifadə etdilər. Nazirlər, həmçinin Avropa Şurası tərəfindən Ukraynada seçkilərin təşkili, konstitusional və məhkəmə islahatlarına, eləcə də böhranın başlanmasından sonra Ukraynada olan zorakılıq hallarının araşdırılmasına nəzarət etmək üçün təşkil olunan Beynəlxalq Məsləhət Panelinin işinə yardımı dəstəklədilər. Seçkilərə gəldikdə isə keçən ay prezident seçkilərinin beynəlxalq öhdəliklərə uyğun olaraq, sülh şəraitində yüksək iştirak səviyyəsi ilə keçirilməsi məmnunluq doğurur. Bununla əlaqədar olaraq seçkiləri müşahidə etmək üçün nümayəndə heyəti göndərmək daxil olmaqla, Assambleyanın töhfəsi yüksək qiymətləndirilir”.

E.Məmmədyarov qeyd edib ki, Nazirlər Komitəsi ölkənin demokratik inkişafını gücləndirmək məqsədilə Ukrayna qurumlarına bütün dəstəyi göstərməkdə davam edəcək, həmçinin regiondakı inkişafı nəzarətdə saxlamaqda davam edəcək: “Sonuncu sessiyadan sonra nazir müavinləri tərəfindən Ukraynadan kənar üzv dövlətlərdəki digər inkişaf məsələləri müzakirə edilib. Keçən aprel ayında onlar baş katibin Gürcüstandakı münaqişə haqqında hesabatını nəzərdən keçiriblər. Hesabat əsnasında onlar münaqişə zonalarında davamlı olaraq pozulan insan haqlarından narahatlıqlarını ifadə ediblər və Gürcüstanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə qəti dəstəklərini bir daha ifadə etdilər”.

Nazir bildirib ki, həmçinin aprel ayında Nazirlər Komitəsi ölüm hökmünə qəti etirazını bir daha təsdiq etdi və Avropada ölüm hökmündən azad zona yaratmaq məqsədini bildirdi: “28 may tarixində qəbul edilən bəyannamədə Nazirlər Komitəsi Belarusda baş tutan ən sonuncu ölüm hökmünü böyük təəssüf hissi ilə qarşıladı və qurumlara 2013-cü ildə ölüm hökmünə məhkum edilmiş digər iki şəxsin hökmünün dəyişdirilməsi üçün müraciət etdi”.

O, əlavə edib ki, son olaraq iyun ayının əvvəlində Nazirlər Komitəsi səs verməklə Kosovanın Venesiya Komissiyasına üzvlüklə bağlı sorğusuna razılığını bildirdi: “Bildiyiniz kimi, üzv dövlətlərin Kosovanın beynəlxalq hüquqi statusuna dair fərqli fikirləri var. Bununla bağlı olaraq, Nazirlər Komitəsi Venesiya Komissiyasına üzvlüyün Avropa Şurası üzv dövlətlərinin Kosovaya dair fərdi mövqelərinə xələl gətirməməsini xatırlatdı. Avropa Şurası öz fəaliyyətini BMT-nin 1244 nömrəli qətnaməsinə uyğun olaraq neytral statusla həyata keçirməkdə davam etdirəcək”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO