Efiopiya Prezidenti və Nevada Ştatı Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik ediblər

Efiopiya Prezidenti və Nevada Ştatı Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik ediblərEfiopiya Federativ Demokratik Respublikasının Prezidenti Mulatu Teşome Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Milli bayramınız – 28 May Respublika Günü münasibətilə Zati-alinizə və Sizin şəxsinizdə Azərbaycan xalqına və Hökumətinə Efiopiya Federativ Demokratik Respublikasının xalqı, Hökuməti adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud olan sıx əlaqələrin gələcək illərdə də möhkəmlənəcəyinə əmin olduğumu bildirmək istərdim.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm”.

ABŞ-ın Nevada Ştatı Assambleyasının sədri Con Hembrik də Prezident İlham Əliyevi təbrik edib.

Məktubda qeyd olunur: “Bu ilin aprel ayında Sizinlə görüşümüzdən son dərəcədə məmnun qaldığımı bildirərək, Sizə səmimi qəlbdən təşəkkür edirəm. Gözəl ölkənizdə olduğum səfər boyunca göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Keçirilmiş səmərəli görüşlərin nəticələrinə əsaslanaraq, bu səfərin Nevada ştatı ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə böyük ümid bəsləyirəm.

Mən Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyindən tutmuş terrorizmlə mübarizəyə qədər müxtəlif istiqamətlərdə mövcud olan güclü tərəfdaşlıq və dostluq əlaqələrini yüksək qiymətləndirirəm. Təqdirəlayiq haldır ki, 2001-ci il sentyabrın 11-də törədilmiş mənfur terror aktlarından sonra Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etmək məqsədilə öz əsgərlərini göndərən, ABŞ-a təmənnasız yardım göstərən ilk ölkələrdən biri olub.

Eyni zamanda, Azərbaycanın ABŞ-ın, eləcə də Avropadakı müttəfiqlərimizin enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi böyük töhfələri də alqışlayıram. Azərbaycanın əvəzolunmaz və həlledici rol oynadığı “Cənub” enerji dəhlizi bir çox Avropa ölkələrinin enerji mənbələrini şaxələndirərək enerji təhlükəsizliyinə nail olmalarına kömək edəcək. Bu, ABŞ üçün də çox vacibdir.

Münaqişələrlə əhatələnmiş çox mürəkkəb regionda yerləşməsinə baxmayaraq, Azərbaycanın müsəlmanların, xristianların və yəhudilərin dinc şəkildə birgə yaşadıqları uğurlu və beynəlxalq səviyyədə tanınan model yarada bilməsi, dinlərarası tolerantlıq və harmoniya sahəsində mayaka çevrilməsi faktını da yüksək qiymətləndirirəm.

Zati-aliləri, 2015-ci ilin aprelində Nevada Ştatının Assambleyası ABŞ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa və dostluğa dəstək ifadə edən, həmçinin ölkənizin azad və müstəqil dövlət quruculuğunda atdığı addımları təqdir edən bəyanat qəbul edib.

Cənab Prezident, Azərbaycanın qarşıdan gələn milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə gələcək işlərinizdə uğurlar, ölkənizə tərəqqi diləyirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO