Dövlət Sərhəd Xidmətinin gənc əsgərlərinin təntənəli andiçmə mərasimi keçirilib

Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda yerləşən Göytəpə sərhəd məntəqəsində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli mərasim keçirilib.
Trend Cənub TV-yə istinadən xəbər verir ki, Gənc əsgərlər andı qəbul edərək Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına sədaqət andı içiblər.
Hərbi andiçmə tədbiri hərbi hissə komandiri, polkovnik Mehman Yusifov və Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyevin məruzə etməsi ilə başlayıb. General-mayor şəxsi heyəti salamladıqdan sonra hərbi hissə komandiri gənc sərhədçilərin “Hərbi and”a gətirilməsi əmrini verib. Bundan sonra gənc sərhədçilər cərgə ilə meydana gələrək Vətənə sədaqət andı içiblər.

Hərbi hissə komandiri Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin təbrik telefonoqramını şəxsi heyətə elan etdikdən sonra bayram tədbirini açıq elan edib. Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin müşayiəti ilə Dövlət himni ifa olunub. Tədbirdə hərbi hissənin komandiri Mehman Yusifov, DSX-nin rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev və əsgər valideynləri çıxış edərək dövlət sərhədimizin mühafizəsi işində onlara uğurlar arzulayıblar.
Gənc əsgərlər Vətən uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər. Andiçmə mərasiminə gələn sərhədçilərin valideynləri və qohumları da öz övladlarının Vətənə sədaqətlə xidmət etmələrindən qürur hissi keçirdiklərini deyiblər.
Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO