2013-cü ilin birunci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,1 faiz artıb. Aprelin 1-nə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 14 864 nəfər təşkil edir. Bu barədə Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan məlumat verilib.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
Ümumilikdə 97 ölkənin vətəndaşını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Òürkiyə vətəndaşları (8640 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1659 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 756 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (487), Hindistan (352), Çin Xalq Respublikası (338), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (218), Özbəkistan (174), Pakistan İslam Respublikası (139), Almaniya (132), Bosniya və Hersoqovina (128), Ukrayna (125), Filippin (117), İtaliya (105), Türkmənistan (101), Qazaxıstan (97), Malayziya (90), ABŞ (87) və s. ölkələr gəlir.