Ceyms Uorlik: Cəbhə xəttində təxribatlar münaqişənin sülh və davamlı həlli istiqamətində irəliləyişi ləngidir

“Ötən ilin noyabr ayında hər iki prezidentin konstruktiv dialoqunun davamı olaraq yaxın zamanda daha bir sammiti təşkil edəcəyimizə ümid edirəm”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Trend-ə eksklüziv açıqlamasında bildirib.

C.Uorlik qeyd edib: “Biz prezidentlərin Fransa Prezidenti Fransua Ollandın yaxın zamanda Parisdə görüşmək təklifini qəbul edəcəyinə ümid edirik. İsveçrə Prezidenti Didye Burkhalterin “Strukturlaşdırılmış danışıqlar”a çağırışı da sülh prosesini irəlilədilməsi istiqamətində tərəflər üçün bir imkandır”.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin tez-tez pozulması hallarına münasibət bildirən C.Uorlik qeyd edib ki, həmsədrlər tərəfləri sülh prosesinə xələl gətirə və gərginliyin artmasına səbəb ola biləcək əməllərdən və ritorikadan uzaq olmağa çağırır: “Bu münaqişənin hərbi yolla həlli yoxdur. Bu kimi təxribatlar ümumi məqsədimiz olan bu regionun əhalisinin layiq olduğu firəvanlıq və təhlükəsizliyi gətirə biləcək münaqişənin sülh və davamlı həlli istiqamətində irəliləyişi ləngidir”.

Həmsədrlərin regiona növbəti səfərinə dair suala cavabında isə amerikalı həmsədr deyib: “Mən ya regionda, ya da başqa bir yerdə danışıqlarımızı tez bir zamanda davam etdirməyə səbirsizlənirəm. Hələlik növbəti görüşümüzün planlaşdırılması üzərində işləyirik”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), Fransadan olan yeni həmsədr Pyer Andryö və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 31-də Azərbaycanda səfərdə olublar. Azərbaycan rəhbərliyi ilə görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO