Bu il Azərbaycanda müdafiə təyinatlı məhsullar istehsal edən daha 5 obyekt istifadəyə veriləcək


Hesabat ilində 119,8 milyon manat məbləğində müdafiə təyinatlı məhsullar istehsal edilərək sifarişçilərə təhvil verilib ki, bu da 2011-ci ilə nisbətən 10,3 faiz artıqdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Milli Məclisə göndərilmiş 2012-ci il hesabatında göstərilib.
Hesabatda göstərilir ki, ölkənin müdafiə qüdrətinin yüksəldilməsi məqsədi ilə 2012-ci ildə yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalının mənimsənilməsi istiqamətində işlər uğurla davam etdirilib.
Ötən ilin istehsal proqramının yaradılması bölməsində raket-artilleriya və atıcı silahlara, döyüş sursatlarına, optik cihazlara mühəndis texnikası, hərbi-texniki əmlak və zirehli texnikanın ehtiyat hissələri, radio sistemləri, kimyəvi mühafizə vasitələri və kəşfiyyat sistemlərinə aid mövzu üzrə təcrübi-konstruktor işləri aparılıb. Bundan18 mövzu üzrə işlər, o cümlədən müxtəlif minaatanlar, minalar, avtomat, təlim vasitələri, zirehli texnikalar üçün tırtıl dəsti, fərdi əleyhqaz və s. başa çatdırılıb, onların istehsalı mənimsənilərək silahlanmaya tövsiyə edilib.
İstehsalı mənimsənilən müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.
Hesabat dövründə 3 yeni istehsal sahəsi yaradılıb. Bu məqsədlə dünyanın aparıcı şirkət və firmalarından müasir standartlara cavab evrən texnoloji xətlər, müasir dəzgah və avadanlıqlar alınıb quraşdırılıb. Daha 5 obyektdə isə işlər davam etdirilir və onların 2013-cü ildə təhvil verilməsi planlaşdırılır.
İstehsal sahələrinin yaradılması və təkmilləşdirilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin maliyyələşdirilməsinə 224 milyon manat vəsait yönəldilib.
2012-ci ildə hərbi-texniki əməkdaşlıq sahəsində əlaqələr daha da genişləndirilib. Hazırda Türkiyə, Rusiya, Ukrayna, Cənubi Afrika Respublikası, Rumıniya, Pakistan, Gürcüstan, Belarus, İsrail, Polşa, Belçika, Çexiya, Serbiya, Slovakiya, Bolqarıstan, İtaliya, Qazaxıstan, İndoneziya, İran, Koreya Respublikası və digər dövlətlərin 60-dan çox şirkət və firmaları ilə aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə sıx əməkdaşlıq edilir.
Ötən il müdafiə sənayesi sahəsində məhsul istehsalının ümumi həcmi 3,3 milyon manat artaraq 153,4 milyon manat təşkil edib ki, bu da 2007-ci illə müqayisədə 3,7 dəfə, 2011-ci illə müqayisədə 3,0 faiz çoxdur. Müdafiə təyinatlı məmulatların istehsalı 2007-ci illə müqayisədə 23,7 dəfə, 2011-ci illə müqayisədə isə 12,0 dəfə artıb.
Ümumilikdə birlik və müəssislərdə istehsal olunan məhsulların ümumi həcminin tərkibində müdafiə təyinatlı məhsullar 67 faiz, mülki təyinatlı məhsullar 19,9 faiz, elmi-texniki işlər isə 13,1 faiz təşkil edib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO