1 saylı “Asan xidmət” mərkəzi bu ilin 15 fevral tarixindən fəaliyyətə başlayıb. Bu günə qədər 60 minə yaxın vətəndaşa xidmət göstərib. Ölkə Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu ilin yay aylarına qədər Bakı şəhərinin bütün əhalisi “Asan xidmət” mərkəzlərinin xidmətlərindən bəhrələnə biləcəklər. Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
Onun sözlərinə görə, may ayı ərzində Bakıda 2 saylı Xətai “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur. O cümlədən, mayda Sumqayıt şəhərində iki “Asan xidmət” mərkəzi açılacaq. Bu mərkəzlər təkcə Sumqayıt deyil, Xızı, Şabran, Siyəzən və Abşeron rayonlarının əhalisinə də xidmət göstərəcəklər.
Kərimov qeyd edib ki, bu il Gəncədə də “Asan xidmət” mərkəzinin açılması nəzərdə tutulur. Bundan əlavə, il ərzində Bakıda dördüncü “Asan xidmət” mərkəzinin də fəaliyyətə başlayacağı planlaşdırılır.
Onun sözlərinə görə, fəaliyyətə başladığı üç ay ərzində 1 saylı “ASAN xidmət” mərkəzində heç bir neqativ hal aşkar edilməyib.
Qeyd edək ki, “Asan xidmət” mərkəzlərində 9 dövlət qurumu tərəfindən 25 xidmət və 22 funksional xidmət göstərilir.
Agentliyin sədri bildirib ki, əgər gələcəkdə ölkə Prezidenti tərəfindən bu xidmətlərin siyahısına dəyişiklik edilərsə, “Asan xidmət” mərkəzlərində həmin sahələr üzrə də vətəndaşlara xidmət göstəriləcək.