Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir

Aprelin 11-də səhər saat 8.00-da ölkəmizin bütün ərazisində Azərbaycan Respublikası Prezidentinin seçkiləri başlayıb. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır. Səsvermə 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Zəruri avadanlıqla təmin edilmiş məntəqələrə 5 milyon 347 min 803 seçki bülleteni paylanılıb. Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü beş dəfə – saat 10.00-da, 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.azwww.cec.gov.azwww.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.

Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.

Seçki prosesini 894 beynəlxalq müşahidəçi izləyir. Onlar 61 beynəlxalq təşkilatı və 59 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 58175-dir.

Seçkiləri 50-dən çox xarici KİV-in 118 təmsilçisi işıqlandırır.

Səsvermə saat 19:00-da başa çatacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO